
"Komandanın hazırlığı əla gedir, maksimum səviyyədəyik".
Bunu Sportnet.az-a açıqlamasında "Hypers Guba"nın prezidenti Ayaz Abdullayev komandanın "Difai" ilə I Liqaya yüksəlmək uğrunda keçirəcəyi oyun barədə danışarkən deyib.
O, heyətdə bəzi zədəli futbolçuların olduğunu bildirib: "Amma maksimum çalışırıq ki, hamısı oyuna hazır olsun".
Funksioner qarşılaşmada nominal ev sahibi olacaqları təqdirdə, biletlərin pulsuz olacağını söyləyib: "Bu, mayın 26-da dəqiqləşəcək. Çox güman, ev sahibi biz olsaq, biletləri pulsuz edəcəyik".
Ayaz Abdullayev "Hypers Guba"nın I Liqaya yüksəlməyəcəyi halda, növbəti mövsüm üçün yeni transferlər edəcəklərini vurğulayıb: "Klub yaranandan bir hədəfimiz olub, o da əzmkar komanda olduğumuzu, dürüst mübarizə aparma bacarığımızı və Qubanı layiqincə təmsil etdiyimizi hər kəsə göstərməkdir. I Liqaya yüksələ bilməsək, hazırki futbolçularla yolları ayırmayacağıq.
Komandanın əlavə güclənməsi üçün yeni transferlər edərək daha da iddialı olmaq istəyirik".
Qeyd edək ki, 2025/2026 mövsümündə I Liqada çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutmuş "Difai" ilə II Liqada 4-cü olmuş "Hypers Guba" komandaları 28 may saat 16:00-da "ASCO Arena"da pley-off oyununda üz-üzə gələcəklər.