
“Komanda və rəhbərlik çox əziyyət çəkdi”.
Bunu Sportnet.az-a açıqlamasında “Sabah”ın futbolçusu Tellür Mütəllimov Azərbaycan Kubokunun finalında “Qarabağ”ı əlavə vaxtda 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
30 yaşlı müdafiəçi sevincli olduğunu söyləyib: “Son dəqiqəyə qədər mübarizə apardıq. Qələbə qolunu mən vurdum, amma əziyyəti bütün komanda çəkdi. Bunun bəhrəsini də gördük. UEFA Avropa Liqasında yarışacağımıza görə sevinirik”.
O, avrokuboka vəsiqə üçün son ana qədər təslim olmadıqlarını bildirib: “Çempionatda uğursuzluğa düçar olduq. Bir çox oyunlarda son dəqiqələrdə qol buraxırdıq, hücumlarımız nəticə vermirdi, rəqib isə 1-2 hücuma qol vururdu. Buna görə də liqada bir az büdrədik. Premyer Liqaya iki tur qalmış bütün şansımızın kuboka qaldığını bilirdik. Ona görə də bütün gücümüzü bura qoyduq”.
Qeyd edək ki, "Sabah" komandası Azərbaycan Kubokunu Tellur Mütəllimovun 120-ci dəqiqədə vurduğu qolla qazanıb.