
Gürcüstan hökumətinin qərarı ilə Xviça Kvaratsxeliya Müqəddəs Giorgi adına Qələbə Ordeni ilə təltif olunmaq üçün namizəd göstərilib.
Sportnet.az-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Hökumət başçısı X.Kvaratsxeliyanı Çempionlar Liqasında qələbə münasibətilə təbrik edib.
Futbolçunun qələbəsini Gürcüstan üçün xüsusi qürur adlandıran İ.Kobaxidze Müqəddəs Giorgi adına Qələbə Ordenini onun üçün layiqli mükafat olduğunu bildirib.
Baş nazir keçmiş futbolçu, Tbilisi meri Kaxa Kaladze və basketbolçu Zaza Paçuliyanın da eyni ordenlə təltif olunacağını qeyd edib.
Xatırladaq ki, X.Kvaratsxeliya PSJ-nin tərkibində Çempionlar Liqasının qalibi olub. Paris klubu Milanın “İnter” komandasını 5:0 hesabı ilə darmadağın edib. X.Kvaratsxeliya tarixdə Çempionlar Liqasının finalında qol vuran ilk gürcü furbolçu olub.
Qeyd edək ki, Müqəddəs Giorgi adına Qələbə Ordeni 2004-cü ildə təsis olunub, Gürcüstan üçün qələbənin əldə olunmasında əhəmiyyətli töhfələrə görə təqdim edilir.