
Bu gün UEFA Millətlər Liqasında "dördlər finalı"na start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk yarımfinal matçında Almaniya və Portuqaliya milliləri üz-üzə gələcək.
Münhen şəhərindəki "Alyans Arena"da təşkil olunacaq görüşü sloveniyalı baş hakim Slavko Vinçiç idarə edəcək.
Bu stadion mayın 31-də Fransanın PSJ və İtaliyanın "İnter" komandaları arasındakı UEFA Çempionlar Liqasının final matçına ev sahibliyi edib. Həmin görüş PSJ-nin qələbəsi ilə yekunlaşıb - 5:0.
Millətlər Liqasının digər yarımfinal matçında İspaniya və Fransa yığmaları iyunun 5-də üz-üzə gələcəklər. İngiltərəli referi Maykl Oliverin idarə edəcəyi qarşılaşma Ştutqart şəhərindəki "MHP Arena"da oynanılacaq.
Bakı vaxtı ilə saat 23:00-da başlanacaq görüşlərin qalibləri finala yüksələcəklər. Məğlub komandalar isə 3-cü yer uğrunda oyuna çıxacaqlar.
İyunun 8-də saat 16:00-da "MHP Arena"da bürünc medal matçı start götürəcək. Millətlər Liqasının qalibini müəyyənləşdirəcək görüş isə "Alyans Arena"da saat 23:00-da başlanacaq.
Qeyd edək ki, Almaniya 1/4 finalda İtaliyanı (2:1, 3:3), Portuqaliya Danimarkanı (0:1, 5:2), İspaniya Niderlandı (2:2, 3:3, penaltilərlə - 5:4), Fransa Xorvatiyanı (0:2, 2:0, penaltilərlə - 5:4) üstələyib.
Fransa bu qələbə ilə həm də 2026-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan, Ukrayna və İslandiyanın yer aldığı D qrupuna düşüb.