
Braziliya yığmasının hücumçusu Vinisius Junior Karlo Ançelottinin milli komandadakı ilk oyunu haqqında fikirlərini bildirib.
Sportnet.az xəbər verir ki, İspaniya "Real Madrid"indən dəvət almış hücumçu 2026-cı il dünya çempionatının seçmə mərhələsində Ekvadorla qolsuz heç-heçə ilə bitən qarşılaşma barədə danışıb.
25 yaşlı oyunçu "kral klubu"nda da birlikdə çalışdığı Ançelotti ilə yenidən bir arada olmaqdan məmnunluq ifadə edib: "Həmişə demişəm ki, o, işlədiyim baş məşqçilərin ən yaxşısıdır. Amma təbii ki, özünü və oyun planını göstərmək üçün vaxtı olmayıb. Hamımız bir yerdə olmalı, əhvalımızı yüksək saxlamalıyıq. Çünki dünya çempionatı artıq yaxındadır və seçmə mərhələni uğurla başa vurmaq üçün birliyimiz vacibdir”.
Vinisius Paraqvayla qarşılaşmada qalib gələcəklərinə ümidvar olduğunu bildirib: "Evdə oynamaq hər zaman yaxşıdır. Çoxdandır San Pauluda çıxış etmirik. Orada oynamağa şadam. Ümid edirəm ki, qalib gələcəyik".
Qeyd edək ki, Braziliya - Paraqvay matçı iyunun 11-də keçiriləcək. Sona 3 tur qalmış Braziliya 22 xalla 4-cü, Paraqvay 24 xalla 3-cü pillədə qərarlaşıb. 34 xala malik Argentina DÇ-2026-ya vəsiqəni 1-ci pillənin sahibi kimi təmin edib. 2-ci yerdə gedən Ekvadorun da 24 xalı var.