
Ermənistan millisi Gürcüstan qeydiyyatında olan təyyarə ilə Kosovo paytaxtına uça bilməyib.
Sportnet.az-ın xəbərinə görə, bu barədə Ermənistan Futbol Federasiyasından news.am-a məlumat verilib.
Rəsmi açıqlamada bildirilib ki, səbəb kimi Gürcüstan və Kosovo arasında diplomatik münasibətlərin olmaması göstərilib: "Gürcüstan Kosovonun müstəqilliyini tanımır. Gürcüstan qeydiyyatlı təyyarənin Priştinaya uçuşu üçün Gürcüstan Xarici İşlər Nazirliyindən diplomatik razılıq tələb olunurdu. Daşıyıcı aviaşirkət lazımi razılığı ala bilməyib".
Bu halda, Ermənistan tərəfi təyyarəni dəyişərək, Avropa İttifaqında qeydiyyatda olan təyyarə ilə Kosovoya uçmalı olub. Dəyişiklik uçuşun ümumi məbləğində artıma səbəb olub.
Xatırladaq ki, iyunun 6-da keçirilmiş yoldaşlıq görüşündə Kosovo Ermənistanı darmadağın edib - 5:2.