
Almaniyanın "Ayntraxt Frankfurt" klubu gənc futbolçusu Niko İliçeviçə görə cəzalanıb.
Sportnet.az xəbər verir ki, Bundesliqa təmsilçisi 14 yaşlı oyunçunu yoldaşlıq görüşlərində meydana çıxarmaqla gənclərlə bağlı qaydaları pozduğuna görə 20 min avro cərimələnib.
Xorvatiya millisinin sabiq futbolçusu İvo İliçeviçin qardaşı oğlu Niko İliceviç mayda “Ayntraxt Frankfurt”un aşağı liqa komandaları ilə yoldaşlıq oyununda iştirak edib. Gənc istedad həm "FSV Qayslits"i 14:0, həm də "SC Veymar"ı 7:1 hesabı ilə yendikləri oyunlarda qol da vurub.
"Ayntraxt"ın idman direktoru Markus Kraus N.İliçeviçin yüksək potensiala malik olduğunu söyləyib: “Bu yaşda bacarıq baxımından o, bənzərsizdir. Onun meydana çıxmasında məsuliyyəti daşıyıram. Çünki bu, mənim qərarım idi".
Kraus 14 yaşlı uşaqlara qoyulan qadağanın yoldaşlıq oyunlarına da şamil olunması faktını nəzərdən qaçırdıqlarını bildirib. Qaydalara əsasən, Bundesliqada futbolçular üçün aşağı yaş həddi 16-dır.