
UEFA Millətlər Liqasının qalibi bəlli olub.
Sportnet.az xəbər verir ki, finalda Portuqaliya və İspaniya komandaları qarşılaşıb. Matçın əsas vaxtında qalib müəyyənləşməyib – 2:2.
Almaniyanın Münhen şəhərində keçirilən qarşılaşmada hesabı 21-ci dəqiqədə ispaniyalı Martin Subimendi açıb. 26-cı dəqiqədə Nunu Mendeş hesabı bərabərləşdirib. Birinci hissənin sonlarında Mikel Oyarsabal yenidən ispaniyalıları hesabda önə keçirib. Portuqaliyanın super ulduzu Kriştianu Ronaldu 61-ci dəqiqədə tabloda bərabərliyi bərpa edib.
Qalibi müəyyən etmək üçün əlavə edilən yarım saatda hesab dəyişməyib. Penaltilər seriyasında daha yaxşı təsir bağışlayan (5:3) Portuqaliya yığması turnirin qalibi olub. Portuqaliya millisi ikinci dəfə Millətlər Liqasının qalibi adına sahib çıxıb. Bundan əvvəl portuqaliyalılar 2019-cu ildə turnirin qalibi olub.
Qeyd edək ki, yarımfinal mərhələsində Portuqaliya millisi Almaniyanı 2:1 hesabı ilə məğlub edib. İspaniya seçməsi isə Fransanı 5:4 hesabı ilə udaraq, finala adlayıb. Üçüncü yer uğrunda oyunda Fransa yığması 2:0 hesabı ilə Almaniyadan üstün olub.
----------------------------------
UEFA Millətlər Liqasında 3-cü yer uğrunda oyun keçirilib.
Sportnet.az xəbər verir ki, Ştutqart şəhərindəki "MHP Arena"da Almaniya və Fransa yığmaları üz-üzə gəlib.
Görüş Fransanın qələbəsi ilə yekunlaşıb - 2:0. 45-ci dəqiqədə Kilian Mbappe hesabı açıb. 84-cü dəqiqədə isə Mbappenin ötürməsindən sonra Maykl Olise son nöqtəni qoyub.
53-cü dəqiqədə Almaniya da qol vurub. Lakin slovakiyalı baş hakim İvan Krujlyak VAR-a müraciət etdikdən sonra həmin epizodda qayda pozuntusu qeydə alaraq, qolu hesaba almayıb.
Bununla da Fransa yığması Millətlər Liqasını 3-cü pillədə başa vurub. Almaniya millisi isə öz evində keçirdiyi "dördlər finalı"ndakı həm yarımfinal, həm də üçüncü yer uğrunda görüşlərdən məğlub ayrılıb.
Qeyd edək ki, bu gün saat 23:00-da başlanacaq final matçında Portuqaliya və İspaniya yığmaları üz-üzə gələcək. Oyun Münhen şəhərindəki "Allianz Arena"da keçiriləcək.
------------------------------
Bu gün UEFA Millətlər Liqasında 3-cü yer uğrunda və final oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, Almaniyada təşkil olunan "dördlər finalı"nın həlledici qarşılaşmasında Portuqaliya və İspaniya yığmaları üz-üzə gələcək.
Hər iki millinin aktivində bir Millətlər Liqası titulu var.
3-cü yer uğrunda isə meydan sahibi ölkə ilə Fransa seçməsi qarşılaşacaq.
UEFA Millətlər Liqası
3-cü yer uğrunda görüş
17:00. Almaniya - Fransa - 0:2
Qollar: Kilian Mbappe, 45. Maykl Olise, 84
Baş hakim: İvan Krujlyak (Slovakiya)
"Arena MHP", Ştutqart (Almaniya)
Final
22:45. Portuqaliya - İspaniya - 2:2 (PENALTİLƏRLƏ - 5:3)
Qollar: Nunu Mendeş, 26 Kriştianu Ronaldu, 61 - Martin Subimendi, 21. Mikel Oyarsabal, 45
Baş hakim: Sandro Şorer (İsveçrə)
"Allianz Arena", Münhen (Almaniya).