
"Çox xoşbəxtəm. Bu nəsil, bu komanda bu uğuru haqq edirdi".
Sportnet.az-ın məlumatına görə, Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu UEFA Millətlər Liqasının finalında İspaniyanı penaltilər seriyasında 5:3 (əsas və əlavə vaxt - 2:2) hesabı ilə məğlub etdikləri oyundan sonra belə deyib.
40 yaşlı hücumçu Portuqaliya rəngləri ilə nə isə qazanmağın hər zaman xüsusi hiss olduğunu bildirib: "Klublarla çoxlu titul əldə etmişəm. Lakin heç bir uğur millidə qazanılan nailiyyətlə müqayisə oluna bilməz.
Bu, bizim ölkəmizdir. Biz kiçik, amma ambisiyalı dövlətik. Sevinirəm ki, bütün portuqaliyalılara sevinc bəxş etdik. Belə bir komandanın kapitanı olmaqdan qürur duyuram və mənim üçün yığmada qazanılan kubok - futbolun zirvəsidir".
Ronaldu oyunu başa vurmağa mane olan zədəsi barədə də danışıb: "İsinmə hərəkətləri zamanı ayağımda ayrı hiss etdim. Buna görə də oyun vaxtı belə bir halın baş verəcəyini bilirdim. Lakin lazım gəlsə, milli komanda üçün ayağımı da sındıraram. Biz finaldan danışırıq. Oynamalı və meydanda tam gücümü ortaya qoymalı idim. Bacardığım qədər var qüvvəmlə çalışdım və komandama qolla kömək etdim".
Təcrübəli futbolçu baş məşqçi Roberto Martinesin müdafiəsinə qalxıb: "Baş məşqçimiz ona qarşı edilənlərə layiq deyildi. İşinə görə çoxlu tənqidlə üzləşdi. Düşünmürəm ki, bunlar ədalətli idi. O, bizim milliyə lazımdır, qeyri-adi ehtirasla məşqlər aparır. Baş məşqçimizə görə çox şadam, çünki özü ispaniyalı olsa da, Portuqaliya üçün hər şeyi etdi. Biz artıq bu titulu bir dəfə qazanmışdıq. Lakin hər zaman uğur hərisi olacağıq".
Öz növbəsində, Martines komandada nə etdiyini hər zaman bilən kapitanın olmasından xoşbəxtlik hissi keçirdiyini vurğulayıb: "Ronaldu ideal kapitandır və biz qələbə üçün onun bilik və təcrübəsindən yararlanırıq. Mənim üçün ən əsası, çempion komanda xarakteri və oyunçularına sahib olmaqdır.
Bu komanda uğuru qazanmaq üçün lazım olan qürur və qətiyyətə malikdir. Baş məşqçi kimi çalışdığım illərdə qətiyyətin vacibliyini başa düşdüm. Bu komanda da həddindən artıq qətiyyətli komandadır. Biz əvvəlcə Almaniyaya, sonra isə Avropa çempionu İspaniyaya qalib gəldik. Bu, yüksək nailiyyətdir".