
“Ovyedo” futbol komandası 24 ildən sonra İspaniya La Liqasına yüksəlib.
Sportnet.az xəbər verir ki, klub buna pley-off matçında “Mirandes”i üstələməklə nail olub.
İlk matçda “Mirandes” 1:0 hesabı ilə qalib gəlsə də, cavab görüşünün əsas vaxtı “Ovyedo”nin üstünlüyü ilə bitib - 2:1.
Ümumi hesab bərabərləşdiyindən, matç əlavə vaxta gedib. 103-cü dəqiqədə Fransisko Portilyonun vurduğu qol “Ovyedo”nin qələbəsinə səbəb olub.
“Ovyedo” sonuncu dəfə 1988 – 2001-ci illərdə La Liqada çıxış edib. Həmin dövrdə klubun futbolçuları sırasında sonradan Azərbaycan millisinin baş məşqçisi olmuş Robert Prosineçki də yer alıb.
Qeyd edək ki, La Liqanı tərk etdikdən sonra “Ovyedo” hətta dördüncü diviziona qədər düşüb. 2015-ci ildə yenidən ikinci diviziona qayıdan klub daha 10 ildən sonra nəhayət, elitaya yüksəlib.