
"Qarabağ" futbol klubunun işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.
Sportnet.az xəbər verir ki, səfər Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və təşəbbüsü, klubun dəstəyi ilə gerçəkləşib.
Səfərdə nazirlik və Ağdam təmsilçisinin rəhbərliyi, komanda üzvləri və jurnalistlər iştirak edirlər.
"Qarabağ" Şuşa, Xankəndi, Ağdam və Füzulidə yerli sakinlərlə görüşəcək.
Bu məqsədlə Bakıdan Füzuli Hava Limanına üz tutan kollektiv oradan Şuşaya yollanıb. Nümayəndə heyəti Şuşa stadionunda sakinlərlə görüşdükdən sonra Xankəndidə Qarabağ Universiteti ilə tanış olacaq və tələbələrlə görüşəcək.
Ardından Ağdam şəhər sakinləri ilə görüş və İmarət Kompleksinə baxış nəzərdə tutulub.
Sonda Füzuli şəhərinin mərkəzində şəhər sakinləri ilə görüş və Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə tanışlıq olacaq.