
İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem əməliyyat olunub.
Sportnet.az "The Sun"a istinadən xəbər verir ki, 50 yaşlı veteran yarımmüdafiəçinin əməliyyata müraciət etməsinə səbəb 22 il əvvəl milli komandada oynayarkən aldığı zədə olub.
Bekhem 2003-cü ildə Cənubi Afrika Respublikası ilə yoldaşlıq oyunu zamanı biləyindən xəsarət alıb. O zaman Bekhemin əlinə vint taxılıb. Onun bir müddət sonra əriməsi nəzərdə tutulmuşdu. Lakin bu baş verməyib və Bekhem uzun illər boyunca ağrılarla yaşayıb.
Qeyd edək ki, Devid Bekhem vətənində “Mançester Yunayted”, İspaniyada “Real Madrid”, İtaliyada “Milan”, Fransada PSJ və ABŞ-də “Los-Anceles Qalaksi" komandalarında çıxış edib. Onun İngiltərə millisində 115 matçı var. Bekhem hazırda MLS-in "İnter Mayami" klubunun prezidentidir.