
"Məşqlərə iyunun 25-dən başlamışıq. Artıq hazırlığın ilkin mərhələsini geridə qoymuşuq".
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov komandanın 2025/2026 mövsümünə hazırlığını dəyərləndirərkən deyib.
47 yaşlı mütəxəssis komandasının durumundan razılıq ifadə edib: "Deməzdim təəccübləndim, amma sevindirici hal o idi ki, yetərincə uzunmüddətli pauzadan sonra futbolçular yığışarkən xoş təəssürat yaratdılar. Yəni, yaxşı vəziyyətdə qayıtmışdılar. Bu da bizə kömək etdi ki, daha tez yükləmələrə çıxaq və qarşıdan gələn yoxlama oyunlarına daha da hazırlıqlı olaq".
Abasov bildirib ki, komandanın baş məşqçi postuna kimin gəlməsindən asılı olmayaraq, hədəflər barədə danışması artıqdır: "Bu klubun adının özü hədəfdir. Əlbəttə, yüksək nəticələr uğrunda biz oynayacağıq və futbolçularımızı da buna yönəldəcəyik. Digər tərəfdən, reallıqları da nəzərə alsaq, əlbəttə, bizim üçün çətindir. Bu, həddindən artıq böyük çətinlikdir. Biz komandanı, demək olar ki, yenidən qururuq. Bir neçə yeni futbolçu gətiririk. Transferlərimiz vaxtında gəlib çıxsalar, ötən mövsümdəkindən tam fərqli heyət görəcəksiniz. Təbii ki, onlar üçün də asan olmayacaq. Uyğunlaşma, digər ölkə amili var. Bunlar artıq məlum məsələlərdir. Bizim üçün hansısa oyuna çıxmaq, hansısa futbolçuya "Neftçi" ruhunu aşılamaq, dediyimiz hədəfləri onlara aşılamaq, əlbəttə, çətinlik törədəcək. Amma inanıram ki, bunun öhdəsindən gələcəyik. Cameə, azarkeşlər və məşqçilər heyəti olaraq, ən əsas məqsədimiz bütün hərəkətlərimizlə, gördüyümüz işlərlə xüsusən yeni futbolçularımıza bu klubun adının özlüyündə hədəf olduğunu yeritməliyik. Biz də bundan kənara çıxmalı deyilik".