
Portuqaliya milllisinin və İngiltərənin “Liverpul” klubunun futbolçusu Dioqu Jota ilə qardaşı Andre Silvanın dəfnindən bir neçə saat sonra qəbiristanlığa polis çağırılıb.
Sportnet.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, buna səbəb qardaşların doğma şəhəri Qondomardakı dəfndən sonra fanatların kütləvi şəkildə fotolar çəkdirərək, sıxlıq yaratmaları olub.
Kilsədə keçirilən vida mərasimi ictimaiyyət üçün qapalı olsa da minlərlə insan bunu kilsənin xaricindən yayımla izləyib. Mərasim başa çatdıqdan sonra azarkeşlərin qəbiristanlığa daxil olmalarına icazə verilib. Lakin vəziyyət tezliklə nəzarətdən çıxıb və insanlar məzar daşları ilə şəkil çəkdirərkən basabas yaranıb.
Nəzarəti bərpa etmək üçün polis müdaxilə edib. Buna baxmayaraq, azarkeşlər sonradan yenidən qəbiristanlığa qayıdıblar.
Dəfn mərasiminə Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu qatılmayıb. O, məhz diqqəti özünə cəlb etməmək üçün belə bir qərar verib. Ronaldu hesab edib ki, onun dəfndə iştirakı insanların diqqətini Jota ilə vidalaşmaqdan ayıra bilər.
Xatırladaq ki, Dioqu Jota və qardaşı Andre Silva iyulun 3-də İspaniyada baş vermiş avtomobil qəzasında həlak olublar. Hərəkətdə olarkən avtomobilin təkəri partlayıb.