
“Turan Tovuz” futbol klubu Cənubi Azərbaycanın “Traktor” komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Sportnet.az xəbər verir ki, bununla bağlı Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev paylaşım edib.
O, şəxsi feysbuk hesabına “Traktor”un loqosunu yerləşdirib. Bir çoxları bunu hər iki komanda arasında tezliklə yoldaşlıq görüşünün baş tutacağı ilə əlaqələndirib.
Görüşün iyulun 29-da Türkiyənin Bolu bölgəsində olacağı ehtimal edilir.
Xatırladaq ki, İran çempionu yeni mövsümün hazırlıqlarına iyulun 8-dən Türkiyədə keçirəcək.
Komanda yeni mövsümdə İran birinciliyində və Asiya Çempionlar Liqasında uğurlu çıxış etmək məqsədi ilə Türkiyədə güclü hazırlıq keçməyi planlaşdırıb.
İyulun 1-də Hünər təlim-məşq bazasında çalışmalara start verən “Turan Tovuz” isə təlim-məşq toplanışının ikinci hissəsi üçün iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq tovuzlular iyulun 19-dək məşqlərini burada davam etdirəcək. Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək.
“Von Resort Abant” otelində məskunlaşacaq komandanın Bolu toplanışı 24 iyul – 6 avqustda baş tutacaq. Kurban Berdıyevin kollektivi Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə dəqiq məlumat verilməyib.
Qeyd edək ki, “Turan Tovuz” ötən mövsümü Azərbaycan Premyer Liqasında 4-cü pilləsində başa vurub. “Traktor” isə tarixində ilk dəfə İran çempionu olub.