
“Klubun büdcəsi elə böyük olmadığından, seçimlər edirəm. Maliyyə yaxşı olsa niyə bunu edim ki? Klub yarımpeşəkardır. Bu səbəbdən, heyət hazır olduqdan sonra da futbolçular dəvət edəcəyəm”.
Bunu Sportnet.az-a açıqlamasında II Liqada təmsilçisi “Şəmkir”in baş məşqçisi Vüqar Nadirov instaqram hesabında paylaşım edərək komandasına futbolçu axtarmasından danışarkən deyib.
Azərbaycan millisinin sabiq futbolçusu bəyəndiyi oyunçuları transfer etmək üçün klubun maddi gücünün yetərsizliyi səbəbindən belə addım atdığını açıqlayıb. Nadirov intizamsız futbolçuları seçməyəcəyini də qeyd edib: “Artıq çəkidən əziyyət çəkənlər, əyləncə xarakteri ilə yanaşanlar gəlməsin, onları seçməyəcəyəm.
Futbolçunun çəkisinə, nizam-intizamına çox önəm verirəm. Futboldan çox komandada davranışı, rəqiblə və hakimlə danışığı, özünü necə aparmasına baxıram. Nə qədər güclü oyunçu olsa da, sadaladığım şeylər olmadıqda kluba götürmürəm”.
38 yaşlı mütəxəssis “ASK Arena”da üç gün baş tutacaq seçimlərin Şəmkirdə davam edəcəyini də bildirib: “Bu gün və sabah seçimlər aparacağıq. Uşaqlar həddindən artıq çox yazır. Əvvəl də Şəmkirdə bunu etmişəm. Bəzən oradan istedadlı futbolçular çıxır. Elə futbolçu var 20 yaşında, eləsi də var 17 yaşında parlayır. Çünki “Şəmkir” yarımpeşəkardır, ona görə də bizə belə oyunçular lazımdır”.
Qeyd edək ki, Vüqar Nadirov ötən ilin noyabrından “Şəmkir”in baş məşqçisi kimi fəaliyyət göstərir. Bölgə təmsilçisi ötən mövsümü 50 xalla 14 komanda arasında 5-ci pillədə başa vurub.