
"Qəbələ" klubunun 2023/2024 mövsümündən Peşəkar Futbol Liqasına (PFL) 110 min manat borcu qalıb.
Sportnet.az-ın xəbərinə görə, bu barədə "qırmızı-qaralar"ın idman direktoru Səbuhi Səfiyarlı İctimai TV-də yayımlanan "OffTop" verilişində məlumat verib.
O, borcun hələ də silinmədiyini bildirib: “Premyer Liqadan I Liqaya düşməzdən əvvəl PFL-ə 110 min manat borcumuz qalıb. AFFA bizə 700 min manat dəstək göstərdi. Biz də PFL-dən ötən il nə qədər xahiş etdik ki, bizə pul vermirsiniz, heç olmasa siz də bu 110 mini silin. Amma silmədilər”.
Klub rəsmisi borcun cərimələrdən və legioner rüsumlarından yarandığını açıqlayıb: "Ertələməyə də razı deyildilər, birtəhər razı saldıq. Bəlkə də dostlar məndən inciyəcək, amma açıqlamalıyam. 110 min manatın 50 min manatı 13-cü legioner sifarişinə görə idi. 2023/2024 mövsümünün son oyunlarında gənc oyunçularımız debüt etməyə başladılar. Əvəzedici heyətdə olan gənclərin adını da sifariş vərəqəsinə yazdırdıq ki, o ab-havanı hiss etsinlər. Onsuz da Premyer Liqadan düşürük, ən azından onlara təcrübə olsun. Bu zaman gənclərdən biri – Elnur İbrahimov Rusiya vətəndaşı olsa da, fərqində olmamışıq.
Komandanın meneceri də Elnur adını görüb və siyahıda digərləri kimi onun da yerli olduğunu düşünərək “okey”ləyib. Həmin futbolçu bir oyun ehtiyatda oldu. Hazırda həmin futbolçu heç bizim komandada da deyil, deyəsən, futbolu buraxıb. Belə səhv nəticəsində böyük məbləğdə ziyana düşdük”.
Səfiyarlı baş verən problemə görə PFL-ə üz tutsalar belə, onlara heç bir güzəşt edilmədiyini vurğulayıb: “12 legionerimiz olduğundan, bunu da 13-cü olaraq qeyd edən PFL bizi 50 min manat cərimələdi. Düzdür, bizim səhvimizdir, amma bu formada baş verib. Dedik, siz də bilirsiniz ki, təsadüfi olub. Müraciət etdik ki, 110 mini keçmirsiniz, ən azından 50 mini silin. Lap siz də, biz də açıqlama verək ki, belə bir səhv olub. Kimsə etiraz edərsə də, belə başa salmaq olar. İlin-günün bu vaxtı heç nədən 50 min zərərə düşdük.
Ötən il 2 avtobusumuzu satıb akademiyaya xərcləmişik. Bu yandan isə nəyə görəsə 50 min manat cərimə ödəməliyik. Haqlı qərardır, amma nəyəsə görə keçmək olardı”.