
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, veteran futbolçu Bəxtiyar Musayev AFFA-nın Texniki departamentin Skautlar şöbəsinə rəis təyin olunub.
52 yaşlı mütəxəssis təyinatından sonra Sportnet.az-a müsahibə verib:
- AFFA-ya təyinatınız necə baş tutdu?
- Təklifi baş katib Cahangir Fərəcullayev irəli sürdü. Bu sahədə təcrübəli olduğumdan və bura mənə yad deyil deyə, təklifi qəbul etdim. Cahangir müəllimə təşəkkür edirəm, bu cür məsuliyyətli işi mənə həvalə etdi.
- İşiniz tam olaraq nədən ibarətdir?
- Fəaliyyətim bütün yaş qrupları üzrə milli komandalara oyunçu seçimini etməkdir. Təbii ki, əvvəlcə yığmaların baş məşqçiləri var, sadəcə, biz də köməklik göstərəcəyik.
- Cahangir Fərəcullayevlə əvvəldən şəxsi tanışlığınız vardımı?
- Xeyr, olmayıb. O, veteran futbolçuları tanıyırdı. Görüşümüzdə futbolçu dönəmimizdəki oyunlarımı izlədiyini dedi. Hətta bu barədə söhbətimiz də oldu.
- Skautlar şöbəsinin rəsi kimi ilk işiniz nədən ibarət olacaq?
- Bu, mənim üçün yad sahə deyil. Bütün yaş qrupları üzrə çempionatlar başlayacaq. Xaricdə yaşayan azərbaycanlı futbolçular var. Onların oyunlarını izləməklə barələrində məlumat əldə edəcəyik. Hər bir yaş qruplarına seçimlər aparacağıq.
- Klub təcrübəniz var: “Neftçi” və “Xəzər Lənkəran”da da skaut işləmisiniz. Federasiyadakı fəaliyyətiniz nə ilə fərqlənəcək?
- Futbolun bir dili var. Əvvəlki illərdə də hər kəsin dediyi kimi, işimiz uğurlu olub. Mənim üçün yad sahə olmadığına görə, özümdə güc hiss edirəm ki, bacarağam. Məsuliyyətlidir, federasiyanın və milli komandanın adı var. Burada oyunçu seçimində bir sıra meyarlar var. Bunun üçün də təcrübə önəmlidir. Bu vaxta qədər işimizdə böyük nöqsan olmayıb. Buna görə inanıram ki, federasiyaya da fəaliyyətimlə töhfə verə biləcəyəm. Bunun öhdəsindən gələrəmsə, özümü çox xoşbəxt hiss edərəm.
- AFFA qarşınıza hər hansı hədəf qoyubmu?
- Özüm də hər hansı işi başlayarkən qarşıma hədəf qoyuram. Hansısa futbolçunun üzə çıxarılmasında töhfəmiz olarsa, gözəl bir iş alınar. Futbolçu qıtlığı yaşayırıq. Ona görə bu sahədə də diqqətli olmalıyıq. Xarici ölkələrdə yaşayan azərbaycanlıların hansısa birini də üzə çıxarmağımız önəmlidir. Oturub yenə da danışacağıq. Daha faydalı olmaq üçün nə lazımdırsa onu da yerinə yetirəcəyik.
- Skaut qrupunuzun tərkibi kimlərdən ibarət olacaq: Heyəti müəyyənləşdirmisiniz?
- Seçim edəcəyik. Hələ tam müəyyənləşdirilməyib.
- Əsas milli ilə bağlı nə düşünürsünüz: I Liqadan futbolçu dəvət edəcəksiniz?
- Təbii ki, bütün yaş kateqoriyalarına və A milliyə baxacağam. İşimiz milli adı gələn hər yerə aiddir. Liqaların fərqi yoxdur. İstəməzdik ki, əvəzedici və ya aşağı liqalardan hansısa futbolçu diqqətdən yayınsın. Təki futbolçu öz oyunu ilə desin ki, mən buradayam, mənə diqqət ayırın.
- Vaxtilə "Neftçi"də işləyəndə Cənubi Amerikadan futbolçu seçməyə getmişdiniz və sonradan çempionluq yaşayan futbolçular gətirmişdiniz. Amma onlar legionerlər idi. Bəs sizcə, xaricdə milli komanda səviyyəsində futbolçular varmı? Yeni Ramil Şeydayevlər, Emin Mahmudovlar tapmaq olacaqmı?
- Təyinatdan sonra AFFA-nın Texniki direktoru Cahahgir Həsənzadə ilə görüşdüm. Söhbət əsnasında qeyd etdi ki, bizə mütəmasi olaraq xaricdə yaşayan azərbaycanlı futbolçular barədə məlumatlar verilir və namizədlır göstərilir. Ümidimiz odur ki, təqdim edilənlər arasında çox güclü futbolçular, onlardan seçərək, milli komandalarımıza faydalı futbolçuların yetişməsində əməyimiz olsun. Yəni, elələrini də gözdən qaçırmayaq. Departament olaraq bəli, bu sistem var. Hər dəfə də ora elə oyunçular təqdim olunur. Əsas odur ki, doğru seçim edək və faydalı futbolçuları üzə çıxaraq.
- Bu təyinatadək Tural Əsgərovla birlikdə "Qarabağ" üçün futbolçu seçiminə dəstək olurdunuz. Oradakı işinizi yenə davam etdirəcəksiniz, yoxsa artıq oradan ayrılmısınız?
- Əsas işim AFFA ilə bağlıdır. Çox məsuliyyətli iş tapşırılıb. Öhdəsindən layiqincə gəlmək üçün çox çalışmaq lazımdır. Əsas iş də milli komandalarla bağlı olacaq. Əvvəl sırf “Qarabağ”la çalışmırdım, kimsə müraciət edirdisə təmannasız da olsa, ona münasibətimi bildirirdim. Artıq heç kimlə də əlaqəm yoxdur, sırf işim milli komandalarla bağlı olacaq. Fəaliyyətimi yalnız AFFA-da davam etdirəcəyəm.
- “Neftçi”də bu sahədə çalışmısınız. Bu mövsüm transferləri necə dəyərləndirirsiniz?
- Mövsüm başladıqdan sonra nə isə fikir bildirmək olar. Komandanın qurulması üçün bu transfer dönəmindən düzgün faydalanmaq önəmlidir. Təbii ki, ora mənim üçün çox doğmadır. Futbolçu kimi "Neftçi"də oynamış, milliyə oradan yüksəlmişəm, uzun illər də məşqçi və skaut kimi fəaliyyət göstərmişəm.
- Sizcə, çempionluq üçün mübarizə aparacaqlarmı?
- Transferlərin bəzilərini yaxından tasnıyıram. Bəzilərini isə tanımıram. İndi onların necə futbolçu olduğunu görməmişəm. Nəyə qadir olduqlarını çempionat başladıqdan sonra bilmək olar.