
Növbəti mövsüm hazırlıqlarını davam etdirən “Kəpəz”in yoxlama oyunlarının vaxtı və daha bir rəqibi müəyyənləşib.
Bu barədə Sportnet.az-a “sarı-göylər”in baş məşqçisi Adil Şükürov açıqlama verib.
48 yaşlı mütəxəsis planlaşdırılan 5 yoxlama görüşünün Qəbələ şəhər stadionunda keçiriləcəyini bildirib: İyulun 21-də “Qəbələ” ilə görüşümüz var. Bundan 5 gün sonra “Şamaxı” ilə qarşılaşacağıq. İyulun 31-də hazırlıqlarını Qəbələdə davam etdirən “Sumqayıt”la üz-üzə gələcəyik. Avqustun 5-də daha bir yoxlama görüşü olacaq, amma rəqibi müəyyənləşdirməmişik”.
Şükürov iyulun 16-da nəzərdə tutulan “Karvan”la yoxlama oyununun ləğv edilməsinin səbəbini də açıqlayıb: “Bu dönəmdə futbolçularda bir az yüklənmələr olur. Ona göə risk etmədik. Çünki təbii meydançada məşq edirik, Mingəçevir stadionu isə süni örtüklüdür. Futbolçuların zədələnmə ehtimalı daha böyük olduğundan, “Karvan” rəhbərliyi ilə danışdıq. Sağ olsunlar, bizi anlayışla qarşıladılar və oyunu ləğv etdik”.
Baş məşqçi toplanış keçdikləri Gəncə şəhər stadionunun bir meydançasında problem yarandığını da qeyd edib: “Hazırda futbolçular bir meydançada məşq keçir. Digəri də yaxın günlərdə təmirdən çıxaraq komandanın ixtiyarına veriləcək”.
Qeyd edək ki, “Kəpəz” təlim-məşq toplanışına iyunun 29-da start verib.