
"Superliqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu. Hər matçda komanda özünəməxsus dəst-xətti ilə seçilirdi".
Sportnet.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev klubun rəsmi saytına açıqlamasında deyib.
Baş məşqçi Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində “Trabzonspor”u 3:2 hesabı ilə məğlub etdikləri qarşılaşma barədə danışıb. Baxşıyev komandasının hazırlığını müsbət dəyərləndirib: “Bu Türkiyədə sonuncu yoxlama oyunumuz idi.
Elə planlaşdırmışdıq ki, yoxlama oyunlarındakı rəqiblərimiz zəifdən güclüyə doğru dəyişsin. “Trabzonspor” barədə geniş danışmaq artıqdır. Super Liqanın iddialı komandası ilə oyunda çalışdıq ki, rəsmi matça nə dərəcədə hazır olduğumuzu dəqiqləşdirək.
Futbolçularımız məşqlərdə işlədiyimiz elementləri tətbiq etməyə, əvvəlki oyunlardakı səhvləri təkrarlamamağa çalışdılar. Ümumi götürdükdə, uşaqların toplanış çərçivəsində gördüyü işdən razı qaldım. Faydalı toplanış olduğunu düşünürəm”.
Qeyd edək ki, "Araz-Naxçıvan" ümumilikdə 4 yoxlama görüşü keçirib. "Qırmızı-ağlar" daha əvvəl “Bayburtspor”u 14 cavabsız qolla üstələyib, “Alanyaspor”la qolsuz heç-heçə edib, "Konyaspora" məğlub olub - 1:2.