“Bəlkə də, Yurçeviç millidə işləyərkən Azərbaycanda neçə klub var, onu bilmirdi. İnanıram ki, Rəşad Sadıqov onun cavabını bugünkü oyunla da verər”.

 

Bunu Sportnet.az-a açıqlamasında yığmanın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

 

78 yaşlı mütəxəssis Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviçin Xorvatiya "Hayduk"u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl “Zirə” barədə fikirlərini qərəzli hesab edib.

 

Mircavadov xorvatiyalı həmkarına belə cavab verib: “Rəşad Sadıqovun açıqlamasını oxudum. Yurçeviçin cavabını düzgün verib. Xorvatiyalı maliyyə cəhətini vurğulayıb ki, “Zirə”də belə maaş, qonarar alırlar. Elə deyil axı. Bilmədiyin şeyi demək, qəbahətdir, olmaz. Bu, “Zirə”nin uğuruna kölgə salmaq deməkdir. Hər klubun öz maliyyəsi, gücü var. “Qartallar”ın öz yolu var, ona uyğun işləyirlər. “Zirə” yarandıqdan sonra yavaş-yavaş gücləndi, Azərbaycan Premyer Liqasında qalmaq, daha sonra avrokuboklar uğrunda mübarizə aparmaq üçün çalışdı. İlk vaxtlar avrokuboklarda mərhələ keçə bilmədi, zamanla bunu da etdi, indi isə imkan var ki, daha yuxarılara getsinlər. Bunun üçün də rəhbərlik və oyunçular nə etməyin lazım olduğunu bilirlər. O insanın dedikləri çox səhvdir. Dedi, cavabını da aldı”.

 

Mircavadov Azərbaycanda işləmiş xarici mütəxəssislərin maaş məsələsini bu qədər qabartmasına isə belə anlam verib: “Onların xasiyyəti belədir: pulla danışırlar. Amma bizim məşqçilərə baxın, onlar heç maaş söhbəti edirlər? Yaşlısından tutmuş cavanına qədər yerli məşqçilər pul yerinə Azərbaycan futboluna fayda verməyi üstün tuturlar”.

 

Qeyd edək ki, Nikola Yurçeviç 2019-cu ildə Azərbaycan millisinin baş məşqçisi olub. UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” - “Hayduk” matçı barədə danışarkən o, “Zirə” 15 legioner oynadır, yaxşı legioner oyunçular sayəsində hər il mükafatçılar sırasında yer alırlar. Futbolçular yaxşı məvacib, qonorarlar alırlar” deyə açıqlama verib.