
"Rəqib Xorvatiyanın ən köklü komandalarından biridir. Çətin olacağını bilirdik, amma onları yaxşı analiz etmişdik".
Bunu Sportnet.az-a açıqlamasında "Zirə"nin futbolçusu Rövlan Muradov evdə Xorvatiyanın "Hayduk" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra deyib.
27 yaşlı yarımmüdafiəçi cavab oyununda komandaların bərabər şansa malik olacaqlarını bildirib: "Əfsuslar olsun ki, sadə bir vəziyyətdə qol buraxdıq.
Hər iki tərəfin növbəti mərhələyə yüksəlmə şansları bərabərdir. Səfər oyununda meydana qələbə üçün çıxacağıq. Düşünürəm ki, çətin də olsa, layiqli mübarizə apararaq azarkeşlərimizi sevindirə bilərik".
Muradov qarşılaşmanın son dəqiqələrində uzaq məsafədən vurduğu və qapı dirəyinə tuş gələn zərbə barədə də danışıb: "Qapını gördükdən sonra ani bir qərar verdim. Məşqlərdə də zərbələrimin üzərində çalışıram. Təəssüf ki, bəxt bizdən yan keçdi".
O, yeni klubundakı debütünü isə belə şərh edib: "Daha əvvəl bir çox oyunçularla bərabər çıxış etmişəm. Onlarla həm yeniyetmələr, həm də U-21 millisində oynamışam. Baş məşqçi Rəşad Sadıqovu da çoxdan tanıyıram. O, 2018-ci ildə "Qarabağ"a məni dəvət edən insandır. Düşünürəm ki, tez adaptasiya olaraq komandaya kömək edə biləcəyəm".
Qeyd edək ki, "Hayduk" və "Zirə" arasındakı cavab oyunu iyulu 31-də Splitdəki "Polyud" stadionunda təşkil olunacaq.