
Bu yaxınlarda Kanadanın “Vankuver Yaytkeps” klubuna transfer olunan əfsanəvi futbolçu Tomas Müller bir sıra xatirə əşyalarını xeyriyyə hərracına çıxarıb.
Sportnet.az “Championat.com” nəşrinə istinadən xəbər verir ki, hərracdan əldə olunacaq gəlir yaxınlarını itirmiş uşaqlara və yeniyetmələrə dəstək göstərən fonda yönləndiriləcək.
Əşyalar arasında 36 yaşlı alman futbolçunun Kanada klubunda geyindiyi ilk forma da var. Həmçinin, Müllerin oyun formaları, sviterləri, imzalı butsuları, “Bavariya”dakı son matçından (mayın 10-da, “Borussiya” Münhenqladbax”na qarşı 2:0) qalmış künc bayrağı, 200 illik palıddan hazırlanmış oyunçunun natural ölçüdə taxta heykəli və digər xatirə əşyaları satışa çıxarılıb.
Qeyd edək ki, 36 yaşlı futbolçu 2025-ci ilin yayında Klublararası Dünya Çempionatının bitməsindən sonra “Bavariya”dan ayrılıb. Münhen klubunun heyətində 756 oyun keçirən hücumçu 250 qol vurub və 276 qol ötürməsi ilə yadda qalıb. Tomas Müller “Bavariya” ilə 33 kubok qazanıb, iki dəfə Çempionlar Liqasının qalibi olub. Alman futbolçu həm də 2014-cü ilin dünya çempionudur.