
İngiltərənin “Nyukasl” klubu isveçli futbolçu Aleksander İsakı cərimələyəcək.
Sportnet.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, səbəb 26 yaşlı hücumçunun matçları boykot etməsidir.
Premyer Liqada avqustun 16-da baş tutacaq “Aston Villa” ilə oyunda komandada yer almaq niyyətində olmayan futbolçu növbəti həftə “Liverpul”la matçda da eynisini edəcək. O, komandaya qoşularaq məşq etməkdən də imtina edir.
Yeni müqavilə təkliflərini qəbul etməyən İsak ən qısa zamanda “Liverpul”a qoşulmaq istəyindədir. Daha əvvəl mersisaydlılar futbolçu üçün 120 milyon funt sterlinq təklif etsə də, rədd cavabı alıb.
Klub hələ futbolçunu cərimələməyib, lakin rəsmi oyunları buraxacağı təqdirdə, bunu edəcək.
Qeyd edək ki, Aleksandr İsak 2022-ci ildən “Nyukasl”ın formasını geyinir. Onun hazırkı müqaviləsi 2028-ci ilədəkdir.