
"Hər zaman açılış oyunu çətin olur. Biz də gərgin oyun keçirdik və bir xal qazandıq".
Sportnet.az xəbər verir ki, bunu "Karvan-Yevlax" komandasının baş məşqçisi Azər Həşimov Şamaxı şəhər stadionunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının ilk turunun açılış oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis hər bir rəqibə qarşı əzmkar və döyüşkən ruhla oynayan komanda formalaşdırdıqlarını bildirib: "Futbolçu olduğum dövrdə necə əzmkar olmuşamsa, bunu bu gün futbolçularıma da aşılamışam. İlk oyunumuzda isə ilk xalımızı qazandıq. Qarşımıza qoyulan hədəf bacardığımız qədər daha yaxşı çıxış etməkdir. Heç bir komandaya asanlıqla məğlub olmayacağıq. Düşünürəm ki, bu il Avrokuboklarda oynayan komandaların heç biri rahatlıqla deyə bilməz ki, "Karvan-Yevlax" onlardan asan xal götürəcək. Heç kimə rahat xal verməyəcəyik".
Həşimov kapitan Araz Abdullayevin əsas heyətdə meydana çıxmamasının səbəbini belə izah edib: "Həftə ərzində məşqlərdə kim özünü yaxşı göstərsə, əsas heyətdə yer alacaq. Araz kapitan kimi ilk oyunda əsas heyətdə ola bilərdi, amma hələ tam hazır deyil. Gələcəkdə isə əsas heyətdə yer ala bilər".