
Hazırda ABŞ-ın "İnter Mayami" komandasında Lionel Messi ilə birlikdə çıxış edən futbolçu Luis Suares karyerası ilə bağlı danışıb.
Sportnet.az xəbər verir ki, uruqvaylı hücumçu ESPN nəşrinə açıqlamasında hələlik qərar verməyə tələsmədiyini bildirib.
38 yaşlı forvard futboldan Messi ilə birlikdə getmək istədiyini etiraf edib: "Biz bu məsələni illərdir birlikdə müzakirə etmişik. Bu, baş verə bilər, amma mənim və onun müqaviləsinin uzadılıb-uzadılmayacağından da asılıdır. Hər ikimiz uyğun vaxtda düzgün qərar qəbul edəcəyik".
Suares və Messinin hazırkı sözləşmələri 2025-ci il mövsümünün sonunda başa çatacaq. Onların oynamağa davam etməyə hazır olduqları bildirilir. Uruvaylı forvard məsələyə belə aydınlıq gətirib: "Həqiqət ondadır ki, mən xoşbəxtəm. Özümü fiziki cəhətdən yaxşı hiss edirəm. Fikrimcə, komandaya kömək edirəm və klub istəsə, heç bir problemin ortaya çıxmayacağı aydındır. "İnter Mayami" inkişafını davam etdirir, komandaya yeni oyunçular gəlir və MLS daha da yaxşılaşır. Bundan nə alınacağına baxacağıq".
Qeyd edək ki, 2024-cü ildən "İnter Mayami" formasını geyinən Luis Suares və Lionel Messi ailəvi dostdurlar. Onlar 2014 - 2020-ci illərdə İspaniya "Barselona"sında da komanda yoldaşı olublar.