
Braziliyanın ali idman məhkəmə tribunalı "Flamenqo"nun futbolçusu Bruno Enrike barədə qərar çıxarıb.
Sportnet.az-ın "L Equipe" məlumatına görə, araşdırma nəticəsində 34 yaşlı yarımmüdafiəçi bilərəkdən sarı vərəqə almaqda günahkar sayılıb.
Enrike danışılmış oyunlarda iştirakı səbəbindən 9425 avro cərimələnib və 12 oyunluq diskvalifikasiya məruz qalıb. Onu 2 aydan 6 ayadək həbs cəzası da gözləyir.
Braziliya Futbol Konfederasiyasının müşahidə sistemi müəyyənləşdirib ki, futbolçunun qardaşı, xanımı və əmisi qızı "Santos"a qarşı matçdan öncə bukmeyker saytında hesab açıblar və onun sarı vərəqə almasına pul qoyuluşu ediblər.
Qeyd edək ki, "Flamenqo"da "Qarabağ"ın sabiq futbolçusu Juninyo da forma geyinir.