
İdman analitikası ilə məşğul olan "Opta" şirkətinin superkompüteri yalnız 3 kluba UEFA Çempionlar Liqasını qazanma şansı tanımayıb.
Sportnet.az xəbər verir ki, bunlar Qazaxıstanın "Kayrat", Yunanıstanın "Pafos" və Azərbaycanın "Qarabağ" komandalarıdır.
Superkompüterin 10 min simulyasiyasının heç birində sözügedən klublar qalib adını əldə edə bilməyiblər.
"Qarabağ"ın Liqa mərhələsindəki rəqiblərindən ən az şans İspaniya "Atletik"inə (0,5 %), ən çox isə İngiltərə "Liverpul"una (20,4 %) verilib. "Liverpul" Çempionlar Liqasının əsas favoriti kimi göstərilib.
Arne Slotun baş məşqçi olduğu kollektiv üçün ən böyük təhlükə kimi "Arsenal" (16,0 %) görülüb. Fransa PSJ-si isə titulunu qorumaq imkanları sarıdan üçüncü favorit (12,1 %) sayılıb.
"Qarabağ"ın digər rəqiblərindən daha şanslılar isə "Çelsi" (7 %), Portuqaliya "Benfika"sı (1,7 %) və İtaliya "Napoli"si (1,4 %) olub.
Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ" ilk görüşünü səfərdə "Benfika"ya qarşı keçirəcək.