
"Qələbəni azarkeşlərimizə və xüsusən, balaca fanatımız Babəkə həsr edirik. Gəncədən gələrkən məni "Azər müəllim, udacağıq, biz sizə inanırıq" deyə məni əmin etdi. Sözləri mənim üçün xüsusi motivasiya olduğundan, onu vurğuladım".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov səfərdə "Şamaxı"ya 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis qarşılaşmanı belə dəyərləndirib: "Çətin oyun olacağını bilirdik. Düzdür, hələ heç nə etməmişik. Amma stres və gərginlikdən çıxmağa bir yol axtarırdıq. İnanırıq ki, bu oyun bir açar olacaq. Yaxşı formalaşmış komandaya qarşı çıxış etdik. "Şamaxı" necə oynamağın gərəkliyini bilir. Biz də təhlillər aparmışdıq və sevinirik ki, qələbə qazanaraq, azarkeşlərimizi sevindirdik".
Bağırov rəqib həmkarı Ayxan Abbasovla soyuq görüşməsinə dair iddialara belə reaksiya verib: "Ayxanla münasibətlərimizdə heç bir soyuqluq yoxdur. Oyundan əvvəl də bir yerdə idik, xeyli söhbət etmişdik. Ola bilsin, kənardan elə göründü. Amma onunla çox yaxşı münasibətlərimiz var. Biz çox yaxın qardaşıq və bir-birimizin xətrini çox istəyirik. Mən buna əminəm. Onun köməkçilərindən Elnur Çodarov uşaqlıq dostumdur, Anar Vəliyev ilə illərlə birlikdə oynamışıq. Heç bir problemimiz yoxdur, soyuqluğumuz ola bilməz".
Baş məşqçi böyük hesablı qələbəyə rəğmən, hələ görüləsi işlərinin çox olduğunu vurğulayıb: "Paltardəyişmə otağında da vurğuladım ki, bu, heç nədir. Sabah da məşqimiz var. Daha güclü olmalı, daha məğlubedilməz sədləri keçməliyik. Hamımız bunları birlikdə edəcəyik və hər şey öz axarı ilə gedəcək".
O, ötən mövsümün sonlarında ayrıldığı "Kəpəz"lə hazırkı "Kəpəz"i müqayisə etmək istəməyib: "Orada da potensiallı futbolçular var idi, burada da var. Yolumuza davam edirik. Meydandakı hər bir futbolçuya xal gözü ilə baxırıq. Çünki bizə xalları onlar qazandıracaqlar, Azərlər və kimlərsə yox. Burada da yaxşı futbolçularımız var. Sadəcə, onları bir şeyə inandırmaq lazımdır. Məncə, inam ən güclü silahdır".
Bağırov futbolçularından Ehtiram Şahverdiyev və Şakir Seyidovun aqressiv təsir bağışlamalarını belə şərh edib: "Aqressivlik təbiidir, futbolda olur. Orada bir anlaşılmazlıq oldu. Sonra Şakir Ayxan Abbasovdan üzr istədi. Bunlar da futbolun bir hissəsidir və təbiidir".
Baş məşqçi heyəti gücləndirmək üçün qışadək gözləyəcəklərini söyləyib: "Mövsümün ilk yarısı bitdikdən sonra ən vacib məqamları detallı analiz etməliyik. Çünki səhv etmək istəmirik. Amma düşünürəm ki, güclənməyimiz vacibdir, mütləqdir".