
"Futbolçularımıza meydanda çox yaxşı mübarizə apardıqlarına görə təşəkkür edirəm. İki dəfə diqqətsizlik olduğu üçün iki xal itirdik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadze səfərdə "İmişli" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis bildirib ki, mübahisəli epizodda rəqibin futbolçusuna ikinci sarıdan qırmızı vərəqə göstərilməli idi: "Ümidvaram ki, səlahiyyətli şəxslər bunu araşdıracaqlar. Futbolçumuz təkbətəkə doğru getdiyi vaxt rəqib oyunçu əllə oynayıbsa, ona minimum sarı vərəqə verilməli idi. Bu, isə ikinci sarıdan qırmızı vərəqə olacaqdı. Özüm də müdafiəçi olmuşam. Mən belə etsəydim, mütləq meydandan qovardılar (gülür - red.). Bu referi mənə yüz faiz birbaşa qırmızı vərəqə göstərərdi".
Tsxadadze Quba Olimpiya İdman Kompleksində ot örtüyünün durumundan da şikayətlənib: "Belə meydanda yaxşı futbol oynamaq çətindir. Amma burada da özünü göstərmək lazımdır. Düzdür, hər iki komandanın ifasında yaxşı mübarizə gedirdi, lakin müasir futbol üçün uyğun meydança deyil. İnanıram ki, bu amili də səlahiyyətli şəxslər nəzərə alacaqlar. 2:0 hesabı ilə öndə olduğumuz vaxt rəqibin müdafiədə necə avantüralı oynadığını gördünüzmü? Bundan istifadə etməli idik. Bir neçə epizodda onları azlıqda da yaxalamışdıq. Lakin belə meydançadakı oyuna görə futbolçuları günahlandırmaq olmaz. Onlar çox çalışdılar. Bununla belə, razıyam, imkanlarımızdan yararlanmalı idik. Onlar müdafiədə avantüralı oynasalar da, hücumda çoxala bilirdilər".
Baş məşqçi "Qəbələ"nin hesabda öndə olduğu oyunlardan qalib ayrıla bilməməsini buraxılan azsaylı, amma qolla nəticələnən səhvlərlə əlaqələndirib: "Məsələn, "Turan Tovuz"la matçda cəmi bir səhv buraxdıq və o da qol oldu. Bəxtinin gətirmədiyi hallar da olur. Bir çox komanda xeyli səhv buraxsa da, çox az top buraxır, amma bizdə əksinədir. Bu gün də elə oldu. Bir topu standart vəziyyətdən buraxdıq, digərini isə iki oyunçumuz rəqibin bir futbolçusunu boş buraxdı. Bunları özümüz araşdıracağıq. Əlbəttə, üzücü haldır. Ən əsası odur ki, bəxtimizin gətirmədiyi dövrü başa vuraq. Biz oyun vəziyyətində uduzmamışıq, hansısa məqamda yenilmişik. Bu gün həlledici epizod "İmişli"nin futbolçusunun meydandan kənarlaşdırılmaması oldu. Bu da nəticəyə və psixoloji baxımdan futbolçularımıza birmənalı təsir göstərdi. Ədalət bizim tərəfimizdə olsa da, nəticə başqa cür alınır. Ümidvaram ki, belə hal bir daha olmayacaq".
Tsxadadze "Qəbələ"nin oyununu gücləndirə biləcək futbolçu çatışmazlığını qışadək yaşayacaqlarını diqqətə çatdırıb: "Rəhbərliklə bu problem barədə danışmışıq. İnanıram ki, qış fasiləsində güclənəcəyik. Çünki bunsuz çətindir. Ehtiyatımızda 17-18 yaşlı uşaqlar otururlar. Təzə futbolçular lazımdır ki, əsas heyət oyunçularını əvəzləsinlər. Bunlar bizim daxili problemlərimizdir, həll edəcəyimizə ümidvaram".
O, 2:0 hesabı ilə öndə olduqları halda, üstünlüyü əldən vermələrində və vaxtında əvəzləmə etməməsində özünü günahkar görmədiyini bildirib: "Lazımi səviyyədə oyunçumuz olmadığı üçün əvəzetməyə gedə bilmədik. Bunu iştirak ərizəsinə baxmaqla da görə bilərsiniz. Seleksiya problemi də bizim daxili məsələmizdir, özümüzü günahkar sayırıq. Kimisə ayrıca günahlandırmaq mümkün deyil. Biz bir dəfə bunu demişik və bununla da mövzunu bağlamışıq. Bir daha bu mövzuda danışmayacağıq. Dekabradək xallar toplamalı və döyüşməliyik. Zədəli İsak Amoa və cəzalı Prins Ovusu qayıtdıqdan sonra daha yaxşı olacağıq. Bu gün mərkəz müdafiəçimizi əvəzləməyə oyunçumuz yox idi".
Tsxadadze klub prezidenti Fariz Nəcəfovla görüşdüyünü və bu məsələləri müzakirə etdiyini diqqətə çatdırıb: "Bunlar bizim ümumi səhvimizdir. Biz bir komandayıq. Gəlin, burada bu mövzunu bağlayaq. Məğlubiyyət seriyamızı başa vurduq. Qarşımıza qoyulan məqsədi bilirik və öhdəsindən gələcəyimizi düşünürəm. "Qəbələ" get-gedə artıracaq. Yeni gələn oyunçular ümumi kondisiyaya daxil olublar. Gəncləri də başa düşmək olar, təcrübəsizdirlər. Qışadək dözərik, sonra isə yaxşı olacağına ümidvarıq".