
"Həddindən artıq qəliz oyun alındı. Üstünlük gah rəqibə, gah da bizə keçirdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis bildirib ki, oyunun içində özləri üçün də bəzi anlaşılmaz şeylər baş verib: "Məsələn, biz qol vuranadək çox yaxşı oynayırdıq, təşəbbüs öz əlimizdə idi. Qol vurduqdan sonra, nədənsə, "oturduq". Səbəbi istəkdən irəli gələn bir şey deyildi. Bu, planımızda da yox idi. Sadəcə, xüsusən, orta sahədə çoxlu top itkisinə yol verdik. Nəticədə təşəbbüs rəqibə keçdi və qol vurdular. Fasilədə futbolçularla söhbət etdik, ikinci hissədə çox şeyi dəyişmək istəyirdik. Lakin ikinci hissə başlayan kimi müdafiəçimizin səhvindən top buraxdıq. Amma plan üzrə oyunumuzu axıradək davam etdirdik. Qol buraxaraq, geri düşməyimizə baxmayaraq, futbolçularımız sağ olsunlar, ruhdan düşmədilər. Tezliklə bərabərlik qolunu vurduq. Oyunun sonlarında isə dirəkdən qayıdan zərbəmiz oldu, digər təhlükəli vəziyyətlərimiz də var idi, təşəbbüsü ələ almışdıq. Təəssüf ki, bunları üçüncü qola çevirə bilmədik".
Abasovun fikrincə, kimin qazandığını, kimin itirdiyini demək həddindən artıq çətindir: "Bu, həmin oyunlardan biridir ki, reaksiya verib nə isə deyə bilmirsən, nələri düz və ya səhv etdiyinin həddindən artıq analizini aparmalısan. Üzücü an o idi ki, qərarlarımızda həddindən artıq problem görünürdü. Düşündüyümüz son addımları atmağa dair qərarı həmin ana çatanda verə bilmirdik. Bunu da xeyli analiz etməliyik. Ola bilsin, oyundan öncə birlikdə yetərincə məşq edə bilməməyimizdir. Futbolçularımız milli komandalardan müxtəlif vaxtlarda qayıtdılar. Planlı qaydada, əvvəllər olduğu kimi hazırlaşa bilmədik. Bunlar sərgilədiyimiz oyuna əsla bəhanə deyil. Sadəcə, söhbət qərarlarımızdan gedir. Bu gün qazanıb-itirdiyimizi özüm də deyə bilmirəm, çünki fikir bildirmək çox çətindir. Oyuna yenidən baxmalıyıq".
O, hesabda öndə olduqları vaxt üstünlüyü əldən vermələrinin səbəbini özünün də bilmədiyini diqqətə çatdırıb: "Qol vuracağını oyundan əvvəl özün də bilməzsən. Hərçənd, komandanı buna hazırlayırsan. Bu da baş verdi. Düşünürdük ki, daha da basqı yaradacağıq. Özüm də suala cavab tapa bilmirəm ki, niyə bu qədər itkilərə yol verdik. Oyunçumuz topu əlverişli vəziyyətdə olan komanda yoldaşlarına ötürmək əvəzinə rəqibə verdi. Qol vurmağımızın və üstünlüyü ələ keçirməyimizin səbəbkarı da özümüz idik. Bəlkə daha da çox qol imkanı yarada bilərdik. Özünüz də qapımız qarşısında nə qədər təhlükəli vəziyyətlərin olduğunu gördünüz. Bu sualın cavabı məndə yoxdur, demək çox çətindir".
Baş məşqçi buraxdıqları ilk qolda kimin daha çox səhvinin olmasını qapıçılar üzrə məşqçi ilə danışdıqdan sonra açıqlaya biləcəyini söyləyib: "Bu, mənim üçün də qəliz qaldı. Amma mərkəz müdafiəçilərimiz ondan əvvəl baş verən epizoda fokuslanmışdılar. Top itkisindən sonra reaksiya verə bilmədilər. Əlbəttə, bizim günahımızdır. İş elə gətirdi ki, öyündüyümüz, həddindən artıq konsentrasiyalı oynayan müdafiəçilərimiz bu gün boşluqlar verdi. Bunu eyforiyaya qapılma kimi dəyərləndirmək istəməzdim. Axı nəyə görə eyforiyaya qapılsınlar ki?! Turnir cədvəlindəki mövqeyimiz də bizə həddindən artıq rahatlıq vermir. Əksinə, müdafiəçilərimiz o qədər diqqətli olmalıdırlar ki, oyunu uduzmayaq. Səhvlərdir, olur. Səbəb axtarmaq istəmirəm. Səbəb 1:0-dan sonra sərgilədiyimiz oyundadır".
Abasov Vensan Abubabakarın gəlişinin komandaya çox yaxşı təsir göstərəcəyini vurğulayıb. Onun fikrincə, hər kəs yanında təcrübəli futbolçu görəndə onun keyfiyyətinə uymağa çalışır ki, bu da yüz faiz komandanın xeyrinə olacaq: "Özü ilə danışmağa hələ vaxtımız olmayıb. Çünki gecə saatlarından gəlib, söhbət aparmaq imkanı əldə etməmişik. Sabahdan məşqlərə qoşulacaq və danışacağıq. Abubakarın rəqiblər üzərində psixoloji təzyiq yaradacağını düşünənlər də var. Mən isə hesab edirəm ki, Vensan rəqib müdafiəçilər üçün həddindən artıq motivasiya mənbəyi ola bilər. Bu gün Abubakara qarşı oynamaq müdafiəçiləri oyun baxımından xeyli yüksəldə bilər. Bu, bizim əleyhimizə olan amildir. Lakin Abubakarı ad olaraq gətirməmişik. Hücum xəttində qol sarıdan problemlərimiz var idi. O sıxıntılarımızı çözmək üçün gətirmişik".
Təcrübəli mütəxəssis bir bir xal, qələbə üçün vuruşduqlarını açıqlayıb: "Ən azından, öz meydanımızda udmaq istəyirik. Azarkeşlər də yetərincə idi. Ötən oyundakı ajiotajdan sonra bu gün də yanımızda olanlar həddindən artıq çox idi. Qalib gəlmək istəyirdik. Matça çox yaxşı başlamışdıq. Qalib gəlməyi nə qədər çox istədiyimizi göstərirdik. Təəssüf ki, belə bir vəziyyət alındı. Son nöqtəyə gətirib çıxarmamağımızın səbəbləri var. Son nöqtəni qoymaqda, qərarların qəbulunda çox tələskənik. Amma nəinki bizim, digər komandaların da oyunlarında heç-heçələr baş verir. Hər an hər şey dəyişə bilər. Ötən mövsüm qış fasiləsindən sonra ardıcıl 11 oyun qalib gələ bilməyən komanda da oldu. Belə hallarla hər il rastlaşırıq. Gündən-günə yaxşı olmalı, xalları qələbələrlə qazanmalıyıq. Bunu dərk edirik, amma təəssüf ki, bu gün qalib gələ bilmədik".
Yarımmüdafiə xəttindəki oyunçuların çoxluğu barədə danışmaq istəməyən Abasov hərənin öz fikrinin olduğunu söləyib: "Orta sahəyə İfeanyi Metyu ilə yanaşı, Seydu Dumbiyanın da alınmasını çox hesab etmirəm. Dumbiya da alınsa, yarımmüdafiəçilərimizin sayı lazımi qədər olacaq. Hazırda onunla danışıqlar gedir. Çox yaxın vaxtlarda nəticəsini biləcəyik. Metyu meydana çox yaxşı girdi, oyuna enerji qatdı. Orta sahədəki ötürmələri, hərəkətliliyi və dinamikliyi xeyrimizə oldu. Uzun müddətdir oynamırdı. Tezliklə top-səviyyəyə gəlib çıxmasını özümüz də istəyirik. Amma düşünürəm ki, Metyu çox yaxşı futbolçudur və bizə çox xeyir verəcək".
O, oyunun sonlarında hesab 2:2 olarkən, Murad Məmmədov və Ağadadaş Salyanskini meydana buraxmaqla risk etmədiyini deyib: "Biz həmin anda onların gəncliyini düşünərək yox, hücumda daha effektli olmalarını istədiyimiz üçün meydana buraxdıq. Bu, gənc də ola bilər, yaşlı da. Murad kreativ oyunçudur, cinaha təzə oyunçu kimi buraxmaq istədik. Ağanı da həmçinin".