
“Neftçi”nin müdafiəçisi Elvin Bədəlov Sportnet.az-a müsahibəsində komandasının "Araz-Naxçıvan"la son oyununu, yeni transfer Vinsent Abubakarın düşərgəyə təsirini və milli komandadakı vəziyyəti dəyərləndirib.
– Oyun barədə nə deyə bilərsən?
– Çətin oyun oldu. Əslində, matça yaxşı başladıq, qol vəziyyətlərimiz çox idi. Qoldan sonra bir az geri çəkildik, bu da bizə məncə mənfi təsir etdi və nəticədə qol buraxdıq. İkinci hissədə oyunu dəyişmək istədik, amma ani diqqətsizlik nəticəsində qapımızda ikinci qolu gördük. Bu oyunda iki xal itirdik. Artıq hər oyun eyni sözü deməkdən bezmişik.
– Vensan Abubakar kimi təcrübəli hücumçunun komandaya gəlişi düşərgədə necə ab-hava yaradıb?
– Sevincliyik ki, belə təcrübəli hücumçu komandamıza gəlib. İnanırıq ki, o da öz qolları ilə "Neftçi"yə kömək edəcək.
– Birinci qolda özündə nə qədər günah görürsən?
– Hələ epizoda tam baxmamışam, amma bir videonu izlədim. Top mənim arxamdan keçdi və görə bilmədim.
– Qarşıdakı "Qəbələ" və "Kəpəz" oyunlarından gözləntilərin nədir?
– Maksimum nəticə gözləyirəm. Əgər 6 xal alıb “Qarabağ”la oyuna çıxsaq, o zaman böyük motivasiya ilə meydana çıxa və yaxşı nəticə əldə edə bilərik.
– Milli komandanın son çıxışını necə dəyərləndirirsən?
– Hər iki oyunda maksimum şəkildə əlimizdən gələni etdik. Fernandu Santuş ilə Ayxan Abbasovun sistemi eynidir – beşli müdafiə xətti ilə oynayırıq, amma müəyyən fərqlər var. Komandamızda irəliləyiş hiss olunur. Mən inanıram ki, Ayxan Abbasovla yığmamız daha da yaxşı olacaq.
– Kilian Mbappe ilə yenidən dialoqa girməyə hazırsanmı?
– Oyundan əvvəl Mbappenin zədəsi var idi. Oyun boyu onunla danışırdım. Dedi ki, ağrıyıram. Daha sonra onunla zarafat etdim (gülür).
– Azarkeşlər deyir ki, Ayxan Abbasovun gəlişi komandaya milli ruh gətirib. Sən necə düşünürsən?
– Doğrudur, hamı bunu görür. Yerli baş məşqçinin olması milli ruh və motivasiya baxımından çox müsbətdir. Öz dilimizdə danışanda istər-istəməz komandaya daha yaxşı təsir edir.
–Deyə bilər ki, Ayxan Abbasovun millidəki əsl sınağı evdəki İslandiya ilə oyun olacaq?
– İnanıram ki, ilk matçdakı nəticə təkrarlanmayacaq. Rəqib topla yaxşı oynayan komandadır. Biz də müdafiədə oynamayacağıq. Hücuma çıxacağıq. Ayxan Abbasovun əsas tapşırığı da budur.
– Yığmadakı növəti oyununda hansı futnolçu ilə forma dəyişdirmək istəyərsən?
– Məndə belə maraq yoxdur.