“Oyuna normal başlamışdıq, amma aldığımız qırmızı vərəqə bütün situasiyanı dəyişdi. Bundan sonra geridönüş edə bilmədik və qapımızda qollar gördük".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Rionosuke Ohori evdə "İmişli"yə 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra deyib.
Yaponiyalı yarımmüdafiəçi qırmızı vərəqə epizodunun özlərinə də qaranlıq qaldığını bildirib: “Orada oyundankənar vəziyyət var idisə, qırmızı vərəqə verilməməli idi. Vəziyyəti biz də tam olaraq anlaya bilmədik. Referidən soruşduqda isə bizə cavab vermədi".
24 yaşlı yarımmüdafiəçi növbəti turda “Neftçi”yə qarşı keçirəcəkləri görüş barədə fikirlərini də bölüşüb: “Bu qarşılaşmanın mənim üçün xüsusi əhəmiyyəti olacaq. “Neftçi”dən ayrılmışam, indi isə “Kəpəz”in formasını geyinirəm. Bu matçda qol vurmaq və məhsuldar ötürmə etmək istəyirəm".










































































