İngiltərənin “Çelsi” komandasının baş məşqçisi Entso Mareska “Qarabağ”a qarşı keçirəcəkləri Çempionlar Liqasının Liqa mərhələsinin IV tur oyunu öncəsi heyətdə rotasiya aparacaq.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin “Vulverhempton"la matçında bəzi futbolçulara istirahət verəcək.
Mareska bildirib ki, qarşıdakı gərgin oyun təqvimi — həftə sonu Premyer Liqada “Tottenhem”lə derbi və ardınca Çempionlar Liqasında “Qarabağ”la səfər görüşü — əsas futbolçuların qorunmasını tələb edir: “Bəli, biz rotasiya etməliyik. Oyunçuları qorumaq lazımdır, çünki eyni heyətlə davam etsək, mövsüm ərzində çətinlik çəkəcəyik. Entso Fernandes, Moyses Kaysedo və Joao Pedro kimi futbolçuların istirahət etməsi mümkündür".
45 yaşlı mütəxəssis həmçinin yayda “İpsviç Taun”dan transfer edilən Liam Delapın avqustdan bəri ilk dəfə heyətə dönəcəyini təsdiqləyib: “Liam oyuna hazırdır, dünən bizimlə tam məşq keçdi. Amma iki aydır oynamadığı üçün onu tədricən formaya qaytarmalıyıq. 90 dəqiqə meydanda olmayacaq".
Qeyd edək ki, “Çelsi” bu gün "Vulverhempton"un, noyabrın 1-də "Tottenhem"in, noyabrın 5-də isə “Qarabağ”ın qonağı olacaq.





































































