Sportnet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüşdə rəqib İngiltərə təmsilçisi "Çelsi" olub.
Avstriyalı baş hakim Sebastian Gishamerin idarə etdiyi oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 16-cı dəqiqədə "zadəganlar"ın braziliyalı futbolçusu Estevan Villian açıb. Bundan 11 dəqiqə sonra onun həmyerlisi Kadi Borges Mark Kukurelyanın müdaxiləsindən sonra zədə alıb. Onun meydandan kənarda olduğu vaxt "Qarabağ" bərabərlik qolunu vurub. 29-cu dəqiqədə komandanın bombardiri Leandro Andrade Kamilo Duranın zərbəsindən sonra qapı dirəyindən dönən topu təkrar zərbə ilə tora göndərib.
39-cu dəqiqədə isə Azərbaycan komandası hesabda önə keçib. Rəqibin cərimə meydançasına ötürülən ötürmə zamanı müdafiəçi əllə oynayıb. Referinin təyin etdiyi penaltini Marko Yankoviç dəqiq yerinə yetirib. "Qarabağ" ilk yarını 2:1 hesabı ilə öndə tamamlayıb.
İkinci hissəyə rəqib 3 dəyişikliklə başlayıb. Onlardan Alexandro Qarnaço 53-cü dəqiqədə bərabərlik qolunu vurub.
Qalan dəqiqələr qarşılıqlı hücumlar şəraitində keçib. "Qarabağ" klublararası dünya çempionatının qalibi qarşısında hücum futbolunu davam etdirib və rəqibin həmlələri qarşısında müdafiədə etibarlı çıxışı ilə diqqət çəkib. Oyunun uzatma dəqiqəsində isə Aleksey Kaşuk real qol imkanını qaçırıb.
Beləliklə, "Qarabağ" qələbəyə bərabər heç-heçə əldə edərək, xalını 7-yə çatdırıb. "Çelsi"nin də eyni xalı var.









































































