Bu gün "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV tur matçı üçün Tofiq Bəhramov adına Respublika stadionunun qapıları oyuna 2 saat 30 dəqiqə (150 dəqiqə) qalmış açılacaq.
Sportnet.az xəbər verir ki, Ağdam klubu azarkeşləri stadiona erkən gəlməyə çağırıb.
"Bu, stadiona rahat daxil olmağınıza, sıxlıqdan yayınmağınıza və komandamızın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək. Oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq", - deyə azarkeşlərə müraciətdə bildirilir.
Qeyd edək ki, oyun saat 21:45-də başlanacaq.







































































