İngiltərənin "Çelsi" komandası "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV tur matçına yaşı 21-dək olan 6 futbolçu ilə çıxacaq.
Sportnet.az xəbər verir ki, "zadəganlar"ın baş məşqçisi Entso Mareska "start heyət"in cəmi 5 üzvünü təcrübəlilərdən qurub.
İlk "11-lik"dəki oyunçulardan Estevanın 18, Tayrik Corc və Yorrel Hatonun 19, Ceymi Gittens, Romeo Lavia və Andrey Santosun 21 yaşı var.
Joao Pedro 24, Ris Ceyms 26, Robert Sançes və Mark Kukurelya 27, Adarabyo 28 yaşındadır.
Bu futbolçuların hamısı ilk 3 turda meydana çıxıb. Yalnız Andrey Santos bir matçda sonradan meydançaya daxil olub. Qalan oyunçular isə start heyətdə ən azı bir matçda yer alıblar. "Bavariya" ilə ilk tur matçı ilə müqayisədə cəmi 5, "Benfika" ilə II tur oyunu ilə müqayisədə 3, "Ayaks"la III tur qarşılaşması ilə müqayisədə 4 oyunçu "11-lik"də olub.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.
















































































