İngiltərənin "Çelsi" komandasının futbolçusu Alexandro Qarnaço Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az "zadəganlar"ın bərabərlik qolunun müsahibəsini təqdim edir:
- Bugünkü oyun haqqında nə düşünürsünüz?
— Məncə, qələbəyə layiq idik. Çoxlu qol vəziyyəti yaratdıq, amma nəticədən razı deyilik. Biz hər oyunu qazanmağa çalışmalıyıq. Bu dəfə xal itirdik, pis heç-heçə oldu.
- Birinci hissəni ehtiyat oyunçular skamyasından izlədiniz, ikinci hissədə isə dəyişikliklər oyuna təsir etdi. Baş məşqçi Entso Mareska fasilədə sizə nə dedi?
— Hər zaman məşqdə deyilənləri meydanda etməyə çalışıram. Hər top uğrunda sonadək mübarizə aparmaq lazımdır. Amma bu, əlavə qol vurmaq üçün kifayət etmədi.
- Komandanız üç xal ala bilmədiyi üçün məyusdur, amma sizdə daha pozitiv əhval var. Qolunuz da çox gözəl idi...
— Bəli, yaxşı qoldur. Dediyim kimi, qolumla komandaya kömək etməyə çalışdım. Amma təkcə qol vurmaq kifayət deyil, biz oyunu qazanmalı idik.
- 10 gün əvvəl İngiltərə Premyer Liqasında “Sanderlend"ə də qol vurmuşdunuz. Lakin komandanız 1:2 hesabı ilə uduzmuşdu. Daha çox qol vurmağa çalışırsınız?
— Əlbəttə. Hər futbolçu komandaya kömək etmək üçün qol və ya məhsuldar ötürmələrlə fərqlənməlidir. Mən də bu istiqamətdə çalışıram.
- Uzaq səfər oldu. Uçuş çətin idi?
— Bəli, asan deyildi. Uzun səfərlər yorucu olur, amma bu, bəhanə deyil. Belə oyunlara hazır olmalıyıq. Londona qayıtdıqdan sonra istirahət edib şənbə günü "Vulverhempton"la keçirəcəyimiz ev oyununa hazırlaşacağıq.
- Azarkeşlər uzaqda, küncdə oturmuşdular, amma səsləri eşidilirdi...
— Bəli, ölkənin harasında oynasaq da, azarkeşlərin dəstəyini hiss etmək çox xoşdur. Biz onların dəstəyini yüksək qiymətləndiririk.










































































