İngiltərənin "Çelsi" komandasının futbolçusu Juan Pedro Bakıda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az 24 yaşlı hücumçunun müsahibəsini təqdim edir:
- Qələbə qazanmağın daha asan olduğu deyilirdi, amma nəticədə xal itirdiniz. Sizcə, niyə vəziyyət bu qədər çətinləşdi?
- Düşünürəm ki, bir çox səbəb var. Oyunun səviyyəsini və konsentrasiyanı aşağı saldıq. Diqqəti itirsənsə, rəqib bundan istifadə edib qol vuracaq.
- Bu diqqət itkisini nəyə bağlayırsınız?
- Oyuna yaxşı başladıq, qol vurduq, matça nəzarət etdik. Amma sonra baş verənlər oldu və üstünlüyü qoruya bilmədik.
- Belə bir gecədən “Çelsi” kimi gənc heyətə malik komada nə öyrənə bilər?
- Çox şey öyrənə bilərik. Çünki biz Çempionlar Liqasında oynayırıq və qalib gəlmək istəyiriksə, bütün oyun boyu 100 faiz diqqətli olmalıyıq.
- Keçən həftə “Tottenhem”ə qol vurmuşdunuz. O hiss sizin üçün necə idi?
- Hər zaman komandama qollar və məhsuldar ötürmələrlə kömək etmək istəyirəm. Amma əvvəlcə yaxşı oynamalıyam. Əlbəttə, qol vurmaq həmişə xoş hissdir.
- Baş məşqçi Entso Mareska qeyd edib ki, bir az zədəlisiniz. Bu mövsüm sizin üçün çətin keçmir?
- Mən oynamaq, həmişə meydanda olmaq istəyirəm. Çətindir, amma hər oyunda oynamaq istəyirəm, çünki komandama kömək etmək vacibdir.
- “Vulverhemton”la Liqa Kuboku oyununda komandanız nəzarəti itirmişdi. Şənbə günü 90 dəqiqəlik tam nəzarəti qorumaq nə qədər vacibdir?
- Bunu mütləq öyrənməliyik. Bütün oyun ərzində diqqətimizi saxlamağı bacarmalıyıq. Çünki Premyer Liqada xal itirsək, gələn mövsüm Çempionlar Liqasında oynamaq çətin olacaq.
- PSJ və “Tottenhem”ə qarşı böyük oyunlarda yaxşı çıxış etmisiniz, amma “Sanderland”ə məğlubiyyət və bugünkü xal itkisi də var. Böyük komandalarla daha motivasiyalı oynayırsınızmı?
- Böyük komandalar da qələbə üçün oynayır. Amma digər komandalar bəzən beş müdafiəçi ilə çıxış edir və geridə gözləyirlər. Belə oyunlar daha çətindir, çünki rəqibi "sındırmaq" lazımdır. Çox topa sahib olduqda isə bəzən əks-hücumdan qol buraxırsan – bu da normaldır.
– Zədənizlə bağlı son sual: hazırda tam şəkildə məşq edirsiniz, yoxsa istirahət günləriniz də olur?
- Özümü yaxşı hiss edirəm. Hər oyunda oynamaq istəyirəm.













































































