"Bəlkə də azarkeşlərimiz bu nəticəni gözləmirdi, amma biz oyuna yaxşı hazırlaşmışdıq və əlimizdən gələni etdik".
Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Marko Yankoviç evdə İngiltərənin "Çelsi" komandası ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçı barədə danışarkən deyib.
Monteneqrolu yarımmüdafiəçinin sözlərinə görə, nəticəni uğurlu saymaq olar: "İlk hissədə bəxtimiz gətirmədi, heç nədən qol buraxdıq. Amma sonradan irəli çıxdıq və deyə bilərəm ki, məşq prosesində gördüyümüz hazırlığı oyuna tətbiq edə bildik. Hətta qələbə də qazana bilərdik, amma sonda bir xal da bizim üçün kifayət etdi. Bu nəticəni uğurlu saymaq olar".
Penalti ilə "Qarabağ"ın ikinci qoluna imza atan Yankoviç növbəti qarşılaşmalarda da uğurlu olmağa çalışacaqlarını söyləyib: "Biz də özümüzdən daha uğurlu olmağı gözləyirik. Bu turnirdə səviyyə çox yüksəkdir, keyfiyyətli futbolçular və güclü komandalar var. Əlimizdən gələni edirik və inanırıq ki, bu təzyiqə dözəcəyik. Çalışacağıq ki, növbəti oyunlarda da uğurlu nəticələr qazanaq".














































































