Almaniya "Kayzerslautern"ində Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli ilə bağlı situasiya bir müddətdir diqqət mərkəzindədir.
28 yaşlı hücumçunun agenti Mateuş Ojoq daha öncə verdiyi müsahibədə yaranmış problemin həlli istiqamətində çalışdıqlarını bildirib.
Klubun mətbuat katibi Ann-Katrin Bayzigel-Hauk isə Sportnet.az-ın suallarını cavablandıraraq, rəhbərliyin baş verənlərlə bağlı mövqeyini açıqlayıb:
- Mahir Emreli ilə bağlı bəzi problemlərin olması sirr deyil. Klubun yaranmış vəziyyətə dair mövqeyi necədir?
- Mövcud vəziyyət artıq mətbuatda geniş şəkildə müzakirə olunub. Lakin biz bir-birimiz haqqında danışmaq deyil, bir-birimizlə danışmaq və birlikdə həll yolu tapmaq istəyirik. Hazırkı əsas məqsədimiz Mahirin son xəstəliyin ardından yenə 100% hazır vəziyyətə qayıtmasıdır.
- Emrelinin qış fasiləsində komandadan ayrılacağı gözlənilirmi?
- Mahir komandamızın üzvüdür. Hazırda bizi maraqlandıran yeganə məsələ də budur.
- Bu yaxınlarda "Kayzerslautern"də daxili iclas keçirilib və həmin görüşdə baş məşqçi Torsten Liberknextdən Mahir Emrelinin niyə oynamadığı soruşulub. Amma o, inandırıcı cavab verə bilməyib. Bu məlumat doğrudurmu?
- Həmişə olduğu kimi, rəhbərliklə Mahir arasında daxili görüşlər keçirilib. Biz mütəmadi olaraq futbolçumuzla geribildirim görüşləri təşkil edirik. Bu müzakirələrin məzmunu məxfidir və onları ətraflı şəkildə açıqlamayacağıq. Hər kəsin, o cümlədən, baş məşqçinin fikrini bildirdiyi çox açıq, uzun və konstruktiv söhbətlər olub.
- Emrelinin 2-ci Bundesliqanın ən yüksək maaş alan futbolçusu olması barədə məlumatlar var. Bu, doğrudurmu və son hadisələrin maaşının ödənilməsi ilə bağlı problemlərlə əlaqəsi ola bilərmi?
- Klub ümumiyyətlə müqavilə detalları və daxili məsələlər barədə şərh vermir.
- Emrelinin "Kaiserslautern"ə vurulan qola görə "Nürnberq"in paylaşımını “like” etməsi klub tərəfindən necə qarşılandı?
- Bu günlərdə sosial mediaya böyük diqqət yetirilir. Lakin oradakı bir çox qarşılıqlı əlaqə tez-tez həddindən artıq şərh olunur, amma kontekstdə qiymətləndirilməlidir. Futbolçularımızın çoxu karyeralarının bir hissəsi olduğu üçün keçmiş komanda yoldaşlarını və ya klubları izləyir, onların paylaşımları ilə qarşılıqlı əlaqə yaradır. Bu, kifayət qədər adi haldır və şişirdiləcək bir məsələ deyil.
- Azərbaycan millisinin İslandiya və Fransaya qarşı dünya çempionatının son seçmə oyunlarına Mahir Emreli də dəvət olunubmu?
- Mahir həm sentyabrda, həm də oktyabrda Azərbaycan milli komandasının heyətində olub. Noyabr ayındakı qarşıdakı oyunlara çağırılıb-çağırılmayacağını AFFA təsdiq edə bilər.
- "Bild" nəşri azərbaycanlı futbolçu haqqında hələ "Nürnberq"də olduğu dövrdən birtərəfli məlumatlar yayır. Klubunuz bu məsələ ilə bağlı hər hansı addım atmağı planlaşdırırmı?
- Bizim üçün oyunçularımızı və əməkdaşlarımızı qorumaq önəmlidir. "Nürnberq"də media ilə münasibətlərin necə olduğunu qiymətləndirə bilmərik. Bizim haqqımızda yazan bütün jurnalistlərlə açıq dialoq saxlayır, yanlış və ya dəqiq olmayan məlumatlar yayılanda məsələni dəqiqləşdirməyə çalışırıq.
Elşən MƏMMƏDOV












































































