"Azarkeşlərimizə təşəkkür edirəm. Evdə onları sevindirmək istəyirdik. Bu gün qismət oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov evdə "İmişli"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis oyunun çox çətin keçdiyini bildirib: "İmişli" bu mövsüm hər kəsi təəccübləndirir. I Liqadan Premyer Liqaya çıxıb hər rəqibə qarşı müqavimət göstərmək, xal qazanmaq çempionatı daha da çətinləşdirir. Onlara uğurlar arzulayıram. Bu 3 xal bizim üçün vacib idi. Həm turnir cədvəlində yerimizi möhkəmləndirdi, həm də rəqibdən 1 xal irəli keçdik".
Abbasov ilk dövrədə yığdıqları 13 xalı "Şamaxı" üçün yaxşı hesab edib: "Bəzi oyunlarda itkilərimiz oldu. Bu gün oyun intizamından qopmadıq. İkinci hissədə üstünlüyümüz oldu. Belə oyunlar olur. Belə matçlarda səbr edib nəticəni gözləmək vacibdir. Çempionatda ən vacib qələbələrdən birini qazandıq. Milli fasilədən səmərəli istifadə edib qışa qədər xal ehtiyatımızı artırmaq istəyirik".








































































