"İlk olaraq, azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən də bizi dəstəklədilər, möhtəşəm idilər. Komandamı, futbolçuları həm yaxşı oyuna, həm də qələbəyə görə təbrik edirəm. Əlbəttə, rəqib güclüdür. Son illərə baxanda, stabil oynayan, nəticə qazanan komandaya qarşı oynayırdıq. Onlar da ağır qrafikdən çıxmışdılar. Əlavə vaxtda "Neftçi" üzərində qələbə qazandıqları Azərbaycan Kubokunun 1/8 final oyunundan sonra çempionatda "Qarabağ"a qarşı çıxış etmişdilər. Evdə oynamağın üstünlüyünü göstərə bildik. Məncə, yaxşı oyun, hər iki komandanın ifasında çoxlu hücum oldu. Mühüm qələbə idi, davam etmək lazımdır. Futbolçulardan daha inamlı, istəkli olmalarını istəyirəm. Sevindiricidir ki, qış fasiləsinə az qalsa da, futbolçularımda temp yüksəkdir. Belə davam etmək lazımdır".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov evdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Avrokubok zonasına bir qədər də yaxınlaşdınız. Şansınızı yoxlamaq istəyirsiniz?
- Əsas məqsədimiz Premyer Liqada möhkəmlənməkdir. Lakin çempionatda durum fərqli ola bilər. Əlbəttə, real danışsaq, çətindir. Yuxarıdakı komandalara, geniş heyətlərinə baxaq. Alfons Msanqa Afrika Millətlər Kubokunda Tanzaniya yığmasında oynamaq üçün bu gün komadamızı tərk edəcək. Onun yerini doldurmaq çətindir. Andrey Tirkoveanu hələ sağalmayıb, Edqar Adilxanov zədədən yenicə qayıdıb, tam formaya düşməyib. Əlbəttə, avrokuboklara vəsiqədən ötrü oynamaq üçün geniş heyət lazımdır. Hər oyuna baxırıq. Məqsəd hər matçda xal qazanmaqdır. Ötən ilə nəzərən komandamızda fərq var. Ötən mövsüm qışa qədər iki dövrədə 17 xal yığmışdıq, bu il isə hələ 2 dövrə tamamlanmamış artıq 20 xal var, kubokda irəliləmişik. Yəni, hər şey pillə-pillə olur. Əsas odur ki, möhkəmlənmiş heyətimiz var, yeni oyunçular çempionatımıza adaptasiya olunublar. Yaxşı şeylər var. Avrokuboka getmək üçün bir az da büdcə lazımdır (gülür - red.).
- Alfons Msanqa yorğunluqdan əvəzləndi?
- Yəqin ki... Onu da təbrik etdim. Baxın, Serbiya I Liqasından transfer olunub. Yadınızdadırsa, bir həftə futbol mediamızdan onu ələ salanlar da oldu. Deyirdilər ki, "Şamaxı" niyə Tanzaniyadan futbolçu gətirib? Çox çalışqan, iradəlidir. Bu gün Tanzaniya millisinə dəvət alıb. Özünü doğruldaraq elə bir turnirə getməsi bizi sevindirir. Qol vurub getməsi isə daha sevindiricidir.
- Premyer Liqada qalmağı təmin etmisiz?
- Məncə, bu mövsüm Premyer Liqada qalmaq üçün 25 xal təminedicidir. Hələ bizim 20 xalımız var. Yerimizi təmin etsək belə, mübarizəmizi aparacağıq. Hər yer bizim üçün önəmlidir. Böyük önəm kəsb etməsə də, ötən ildən daha yaxşı olmaq istəyirik.








































































