"65-70 dəqiqə meydançada əsl futbol oldu. Bunu isə bizim komanda oynadı. Həmin vaxtadək qapımız qarşısında xüsusi bir hadisənin yaşandığını xatırlamıram. 2 qol vurmağımıza baxmayaraq, əlavə 3 top da vura bilərdik. Bu məqam qalib gəlməməyimizin əsas səbəbi oldu.
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfrasında deyib.
Ukraynalı mütəxəssis bildirib ki, son 20 dəqiqəlik bölümdə komandası yorğun vəziyyətdə çox çətinliklə oynayıb: "Səmimi etiraf edim ki, fiziki güc yetərincə olmadı. Amma bütün bunları daha yaxşı istiqamətdə düzəltmək olar. Eybi yox, dekabrın 20-də "Karvan-Yevlax"la oyunumuz var. Qarşıdakı oyunumuzdan sonra yanvarda təlim-məşq toplanışında olacağıq. Həmin vaxt komandanı daha yaxşı hazırlama şansımız olacaq".
O, əvəzetmələrin gecikməsi fikri ilə razılaşdığını söyləyib: "Sizinlə razıyam, amma mən, ilk növbədə, komandada kimin nə vəziyyətdə olduğunu bilməliyəm. Artıq çökmənin olduğunu gördükdə, əvəzetmələrə başladım. Düzdür, daha tez edə bilərdim. Amma nəticəsi daha pis olardı. Bu, artıq tarixdə qaldı. Demək çətindir. Bir şeyi dəqiq bilirəm ki, udan futbolçulardır, uduzan isə baş məşqçidir. Məğlubiyyətin məsuliyyətini üzərimə götürməyə hazıram. Əsas odur ki, onlar həvəslənsinlər və daha gözəl oyun sərgiləsinlər. Qazancı da özləri götürsünlər. Amma nizam-intizam mütləq olmalıdır. Biz bunu etməliyik, edəcəyik də. Ən önəmlisi budur. Çünki nizam-intizam bir qədər çatmır.
59 yaşlı baş məşqçi komanda barədə təəssüratlarını da açıqlayıb: "Bu gün sizinlə gördüklərimi bölüşürəm. Yaxşı komandadır, oyunçular yaxşıdır, sürətləri də, topu idarə etmələri də, texnikaları da qənaətbəxş səviyyədədir, pis deyil. Sadəcə, bir-iki məsələ düzəlməlidir. Bunlardan biri nizam-intizamın düzəldilməsi, digəri fiziki gücün artırılmasına yönəldilmiş səylər olmalıdır. Baş məşqçi kimi uzunmüddətli təcrübəmə əsasən əmin etmək və qorxmadan bildirmək istəyirəm ki, komandanın daha yüksək səviyyələrə qalxması üçün əlimizdən gələni edəcəyik. Çünki mən "Neftçi"ni Ukraynada "Dinamo Kiyev" və "Şaxtyor Donetsk" ilə müqayisə edirəm. Bu, tarixi klubdur, Azərbaycan üçün brenddir. Bunu etmək kifayət qədər realdır".
Vernidub komandanın qarşısına böyük hədəflərin qoyulduğunu diqqətə çatdırıb: "Bilirəm ki, komandanın rəhbərliyi məndən nə tələb edir. İndi bir şey demək çətindir. Bunu həyat göstərəcək. Amma bugünkü oyunun 65-70-ci dəqiqəsinə qədər olan oyunu gələcəkdə də sərgiləsələr, çox yaxşı nəticələrə gətirib çıxaracaq. Eyni zamanda bu, komandanın daha da yüksək səviyyəyə qalxmasına səbəb olacaq, azarkeşlərin və klub rəhbərliyinin də çox xoşuna gələcək, onların sayını da artıracaq. Sadəcə, bunu deyə bilərəm ki, nə qədər çətin hədəflər olsa belə, onlara çatmaqdan ötrü əlimdən gələni edəcəyəm. Əlbəttə, uçurumu - Avropada oynamaq üçün nə qədər məsafəni dəf etməli olduğumuzu da anlayıram. Amma futbolda hər şey ola bilər. Hər halda, buna inanıram. Əks halda, bura gəlməzdim".
O, hazırkı heyətə gələcəkdə yeni oyunçuların cəlb olunmasını istisna etməyib: "Mən elə baş məşqçilərdən deyiləm ki, gələn kimi hər şeyin dəyişməsini istəyim. Çünki baxıram, pis oyunçular da deyillər. Düzdür, keyfiyyətdə qalxmaq istəyiriksə, mütləq güclənməyə ehtiyac olacaq. Güclənməyə hansı hallarda ehtiyac duyulduğu məsələsini bir müddətdən sonra rəhbərlik qarşısında qaldıracağıq. Yəqin ki, biz də axtarışlarla məşğul olacağıq. Mən həm də ona çalışacağam ki, ən azı iki oyunçu olsun. Onlar bərabər oyunçu olsunlar ki, bir-birilərini rahat əvəzləyə bilsinlər. Əslində vaxt da azdır. Çünki bu il son oyunumuz dekabrın 20-də, gələn il ilk matçımız isə yanvarın 23-dədir. Ortada cəmi bir ayımız var. Amma ən azından bu uşaqları tanıyıram. Kimin nəyi bacarıb-bacarmaması çox önəmlidir. Onlar üzərində işləmək daha məntiqlidir, nəinki bütün heyəti dəyişmək. Dəyişə-dəyişə getsək, gərək hər yarım ildən bir yeni komanda quraq. Bu isə effektiv deyil".
Təcrübəli mütəxəssisin fikrincə, ilk növbədə, hər bir futbolçu ilə ayrıca danışmaq, onların topla lazımınca davrana bilmələri üçün taktiki məşqlər keçirmək lazımdır: "Bundan ötrü daha çox dominant üsluba üstünlük verməliyik. Oyunun əvvəllərindən başlayaraq, pressinq edilməsi qaçış məsafəsini də kifayət qədər azaldır. Biri var ki, sən qaçmağa öz qapın qarşısından başlayırsan - bu halda 60-70 metr məsafəni dəf etməlisən, biri də var hücum mövqeyində olursan - bu, 15-20 metrədək azalır. Bu da komandanın aktiv və fiziki cəhətdən güclü qalmasına kömək edir. Dediyim futbol bu gün ilk 60-70 dəqiqə ərzində oynanıldı. Həm kompaktlıq, həm də sürət var idi. Lakin sonradan yorulma başladı və oyun heç vaxt görmək istəmədiyim tərzə keçdi. Belə olmasına özüm də təəssüflənirəm. Lakin bu, futboldur, dözmək, qəbul etmək və irəli getmək lazımdır. Çünki başqa yol yoxdur, hədəflərə belə çatmaq olur".
Vernidubun sözlərinə görə, hücum xəttində Bassala Sambu çox böyük iş həcmi görüb, rəqib müdafiəçilərə çox yaxşı pressinq edib: "Rəqib bundan sonra səhv etməyə başladı. Ona görə də yaxşı epizodlarımız yarandı. Gördüm ki, Sambu çox böyük pressinq etdiyi üçün yorulub. Bu səbəbdən, meydançaya daha təcrübəli Vensan Abubakarı buraxmağı qərara aldım. Hesab edirdim ki, o da bir ulduz oyunçu kimi şanslarını daha yaxşı dəyərləndirəcək. Belə məqamlarda çoxlu qol vurub. "Portu" və "Beşiktaş"dakı oyunlarını xatırlaya bilərik. Düzdür, hazırda həminki durumda olmadığını bilirəm. Ona görə də təlim-məşq toplanışında fiziki hazırlıq, dözümlülük və s. kimi xüsusiyyətlərin üzərində çalışacağıq. 5 gün ərzində bir şey etmək çətin məsələdir. Mən sehrbaz deyiləm ki, dərhal nəyisə həll edim. Amma nəyin üzərində və necə işləməyin lazım olduğunu bilirəm. Əlimi ürəyimin üstünə qoyaraq bildirirəm ki, bunun üzərində çalışacağıq. Bu komanda 8-ci yerdə olmamalıdır. Çalışmalıyıq ki, oyunumuzla mayadək 3-cü yerdə olaq. Çünki bu klubun böyük tarixi, təcrübə və ənənəsi var. Biz bunu yaddan çıxarmamalıyıq".
O, fiziki problemləri həll etmək üçün qış fasiləsinin yetərli olacağını deməkdə çətinlik çəkdiyini vurğulayıb: "Ukraynada qışda hazırlıq üçün daha çox fasilə verilir. Orada mövsümün ikinci yarısı fevralın 20-dən sonra başlayır. Yəni, Azərbaycanla müqayisədə, bir ay çox olur. Ona görə də qısa istirahət vaxtı verəcəyik və yeni il bayramından sonra toplaşaraq, toplanışa gedəcəyik. Düşünmürəm ki, 10 günlük istirahət onlarda nəyisə yox edəcək. Çalışacağıq ki, nə varsa, onu daha çox inkişaf etdirək. Ona görə indidən xəbərdarlıq edirəm: Çoxlu iş var, çoxlu iş görmək lazımdır. Futbolçular da bunu anlayırlar. Bu, təkcə mənə yox, onlara da lazımdır ki, belə vəziyyətdən çıxa bilsinlər. Onlar bunu qəbul etməlidirlər".















































































