"Futbolçularımı təbrik edirəm, inanılmaz performans göstərdilər və tərifə layiq olduqlarını düşünürəm. Tək Azərbaycanda deyil, Avropada səs salan komandaya qarşı möhtəşəm oynadıq. Əsl futbol atmosferi var idi. Azarkeşlər də keyfiyyətli oyunu seyr etdilər".
Sportnet.az xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas "Qarabağ"ı 2:1 hesabı ilə məğlub edərək liderliyə yüksəldikləri Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış oyundan sonra mətbuat konfransında deyib.
Daha sonra litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Liderliyinizi sona qədər qoruya biləcəyinizi düşünürsüzmü?
- Turnir cədvəlinə sonda baxacağıq. Futbolçularıma qarşıda hələ bir oyunun olduğunu da söylədim. Rəqiblər bizə fərqli yanaşırlar. Ümumi olaraq inkişafımızdan razıyam.
- Daha əvvəlki çıxışlarınızda tez-tez oyunçularınızdan narazılığınızı bildirirdiniz. Bu matçdan sonra da narazı qaldığınız məqam oldu?
- Təbii ki, bugünkü matçda da bəzi məqamlardan narazı qaldım. Rəqib ilk hissədə bizə boşluqlar verirdi. Bu boşluqlardan istifadə edib cərimə meydançasına daxil olsaq da, qol vura bilmirdik. Hansısa komandanın “Qarabağ”a qarşı belə oynamasını xatırlamıram. Matçın ilk 10-12 dəqiqəsindən razı qalmadım. Rəqibə həddən artıq hörmət göstərdik. Düzəltməli olduğumuz çox şey var.
- Qış transferində heyətdə dəyişiklik gözlənilirmi?
- Bu heyətdən məmnunam. Zədəlilərimiz var. Cesse Sekidika ötən mövsüm komandamızda ən çox qol vuran oyunçulardan olsa da, hazırda zədəlidir. Onun qısa zamanda formasına geri dönəcəyinə ümid edirik. Yeni transferlər barədə tələsməməliyik. Transfer edəcəyimiz oyunçular üslubumuza uyğun olmalıdır. Bu barədə daha detallı müzakirələr aparacağıq.
- Aron Maludanı komandada saxlamaq üçün hər hansı bir addım atmağı düşünürsüzmü?
- Mən idman direktoru və ya menecer deyiləm. İşim futbolçuların bacarıqlarını artırmaqdır. Maluda çox istedadlıdır, böyük işlər görür. Etdiklərindən də məmnunuq. Onun klubdakı taleyi mənim əlimdə deyil. Bu barədə klub rəhbərliyindən soruşmaq lazımdır.











































































