“Kubok oyunları iki matçdan ibarətdir. Hava hər iki tərəf üçün çətinlik yaratdı. Buna baxmayaraq, həqiqətən də futbolçular döyüşdülər".
Sportnet.az-ın məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ" kimi komandaya qarşı iki oyunluq mübarizə nə qədər çətin olsa da, bu, futbolçularına və komandasına gələcək baxımından çox yaxşı güc verir: "Qarabağ"ın sıx qrafiklə oynadığını başa düşürük. Bəzi futbolçuları bu oyunda iştirak etmirdi. İlk yarıda futbolçularım tapşırıqlarını daha yaxşı yerinə yetirdilər. Sonradan isə yorğunluq oldu. Əlbəttə, biz də sıx qrafikdə oynayırıq, çətin qarşılaşmalardır. Amma davam edəcəyik. Beş gün sonra çempionat oyununa çıxacağıq. Məncə, yaxşı bərpa keçərək, qarşıdakı matça hazırlaşacağıq. ”
Abbasov heyətlərinin geniş olmadığını və çox da rotasiya edə bilmədiklərini xatırladıb: "Oyunlar 5 gündən bir keçirilir. Əlbəttə, tam gümrahlıq olmayacaq, yorğunluq olacaq. Amma heyəti qorumaq, oyun keyfiyyətini artırmaq üçün görüşlər keçirmək vacibdir. Belə komandalarla oyunlarda hər şey görünür, bu cür rəqiblərlə mübarizə aparmaq daha yaxşı şansdır. Çempionatda da hədəfimiz bəllidir. Amma həm yerimizi qorumağa, həm də bir az üst pillələrə qalxmağa çalışacağıq".
Baş məşqçi kubokdakı hədəfləri ilə bağlı sualı isə belə cavablandırıb: "Hədəf deyəndə ki, bu gün həyat mübarizədir. Hər sahədə hamı istəyir ki, imkanları daxilində irəli getsin, inkişaf etsin. Niyə də istəmirik?! Amma hansı qrupda olduğumuz bəllidir. "Qarabağ"la qarşılaşırıq. Amma futboldur, mübarizə aparacağıq". Oyundan qabaq təslim olacağımızı demək kimi bir şey yoxdur. Nə qədər güclü rəqib olsa belə, hamı mübarizə aparmaq istəyir”.
Cavab oyununa şanslarına gəldikdə, o, yenə "Qarabağ"ı favorit saydığını diqqətə çatdırıb.
Abbasov dumanlı hava şəraiti üzündən taktiki göstərişlər verə bilmədiyini etiraf edib: "İlk hissədə daha yaxşı bağlandıq, hücumlarımız alındı. 60-cı dəqiqədən sonra bir müddət uzaq cinahı görmürdük. Tribunadan ümumiyyətlə görünməyə bilərdi, amma biz tərəfdən meydança görünürdü. Burada bundan da çətin hava şəraiti olub. Ötən mövsüm "Səbail"ə qarşı oyunumuzda meydança qarlı idi, amma oyun uzaq tarixə təxirə salınmadı. Dedilər ki, bu gün oynamasanız, sabah oynayacaqsınız. Bu dəfə də vəziyyət pis olsa, bizdən asılı olmadan, oyun təxirə düşəcək. Lakin ümumilikdə baxsaq, havalar yaxşılığa doğru getməlidir".







































































