"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" İngiltərə Premyer Liqasının XXV turunda öz meydanında “Brentford”a 2:3 hesabı ilə uduzub.
Sportnet.az xəbər verir ki, oyun zamanı “Sent Ceyms Park”ın tribunalarındakı azarkeşləri komandanı və baş məşqçi Eddi Hounu fitə basaraq narazılıqlarını göstəriblər.
Matçdan sonra keçirilən mətbuat konfransında Hаu azarkeşlərin reaksiyasına belə münasibət bildirib: “Bu, istədiyimiz hal deyil və çətindir. Amma azarkeşləri günahlandıra bilmərəm. Bunu biz özümüz yaratmışıq, çox oyunlarda maksimal oynaya bilmədik. Müdafiədə zəif çıxış etdik və cəzalandırıldıq. Buna görə məsuliyyəti qəbul etməliyik".
Hаu həmçinin şəxsi vəziyyəti barədə açıqlama verib: “Mənim üçün bu, sərt reallıqdır. Daha yaxşı işləməli və həll yolları tapmalıyam. Meydanda gördüklərinizə görə tam məsuliyyəti öz üzərimə götürməliyəm. Mən özümü hər zaman təzyiq altında hiss edirəm və bu mənim üçün fərqi yoxdur. Açıq-aşkar işimi kifayət qədər yaxşı yerinə yetirmirəm".
Baş məşqçi əlavə edib ki, komanda əsas oyunlarda üstünlüyü əldən verib: “Evimizdə 1:0 hesabı ilə öndəyik və oyun sürətini artırıb həqiqi formamızı göstərməli idik. Lakin əksinə oldu. Bəli, bəzi oyunçular zədəlidir, bəziləri yorğun oynayır, amma biz daha yaxşı olmalıyıq, başqa yol yoxdur".
Hazırda “Nyukasl” Premyer Liqada 25 oyunda cəmi 9 qələbə qazanıb və liderlər qrupundan 10 xal geri qalır. Komanda 33 xalla 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" "Nyukasl"la fevralın 18-də evdə, fevralın 24-də isə səfərdə qarşılaşacaq.














































































