UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəyi ilk oyundan əvvəl “Nyukasl” İngiltərə Kubokunun 1/16 final matçına çıxıb.
Sportnet.az xəbər verir ki, "sağsağanlar" səfərdə “Aston Villa” ilə üz-üzə gəlib.
"Nyukasl" 3:1 hesabı ilə qalib gələrək, 1/8 finala yüksəlib.
Hesabı 14-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Temmi Abraham açıb. Birinci hissənin sonunda birmingemlilər qapıçı Marko Bizotun qırmızı vərəqə alması ilə azlıqda qalıblar.
İkinci hissədə “sağsağanlar”ın heyətində Sandro Tonali 63 və 76-cı dəqiqələrdə fərqlənərək, dubl edib. 88-ci dəqiqədə daha bir qolu Nik Voltemade vurub.
Qeyd edək ki, "Nyukasl" "Qarabağ"la ilk oyununu fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşünü fevralın 24-də "Sent Ceyms Park"da keçirəcək.













































































