"Desəm ki, şans yoxdur, yalan olar".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İngiltərə "Nyukasl"ı ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında "Qarabağ"ın şanslarını dəyərləndirərkən deyib.
41 yaşlı qrossmeysterin sözlərinə görə, “Nyukasl” böyük favorit, zəngin təcrübəli komanda olsa da, bu il qeyri-sabit çıxış edir.
Məmmədyarov bununla yanaşı, "sağsağanlar"ın hər zaman mübarizə apardığını vurğulayıb: "Çətin olacağı hamıya məlumdur. Lakin “Qarabağ” adi komanda deyil. Portuqaliyada “Benfika”ya 0:2 hesabı ilə uduzurdu, sonda 3:2 hesablı qələbə qazanırdı. “Ayntraxt”a 1:2 hesabı ilə məğlub olurdu, sonda hesabı 3:2 etdi. “Çelsi” kimi komanda ilə 2:2 hesablı heç-heçə oynadı. Yəni, “Qarabağ”dan hər şey gözləmək olar. Yarış vaxtı olsa belə, çalışacağam ki, stadiona gedim".
Qeyd edək ki, "Qarabağ" "Nyukasl"la ilk görüşünü fevralın 18-də evdə, cavab oyununu fevralın 24-də səfərdə keçirəcək.















































































