"Bizi çox tarixi və çətin oyunun gözlədiyinin fərqindəyik".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kamilo Duran evdə İngiltərə "Nyukasl"ına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Kolumbiyalı hücumçu bildirib ki, doğma azarkeşlər önündə çox çətin rəqibə qarşı ən yaxşı oyunlarından birini sərgiləmək, azarkeşləri sevindirmək və uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər.
24 yaşlı hücumçu İngiltərə təmsilçiılərinin çox sürətli və fiziki cəhətdən güclü komandalar olduqlarını söyləyib: "Çelsi" və "Liverpul"la oyunlarda daha çox bunu hiss etdim. Lakin düşünürəm ki, "Nyukasl"la görüşə yaxşı hazırlaşmışıq. Çətin rəqib olsa da, zəif cəhətlərindən istifadə etməyə çalışacağıq".
Kolumbiyalı forvard "Qarabağ"ın karyerasındakı rolundan da danışıb: "Burada olmaq mənə xoşdur, "Qarabağ"da xoşbəxtəm. Bu, karyeramın ən uğurlu dönəmidir. Bilirəm ki, gəncəm. Daha inamlı olmalı, daha sürətli olmalı, üzərimdə daha da işləməli, bu keyfiyyətlərimi yaxşılaşdırmalıyam".
Duran Kolumbiya millisi ilə 2026-cı il dünya çempionatında oynamağın uşaqlıq arzusu olduğunu bildirib: "Bu mövsüm mənim üçün həqiqətən də uğurlu keçir. Buna görə çox xoşbəxtəm. Millidə oynamaq bir kolumbiyalı kimi uşaqlıq arzumdur. Düşünürəm ki, belə davam etsəm, hər dəfə milliyə düşməyə daha yaxın olacağam. Təbii ki, hər kəs dünya çempionatında oynamaq istəyir. Bu, mənim də böyük arzumdur. Amma hələ mənə hər hansı dəvət, zəng olmayıb".
O, indiyədək Çempionlar Liqasının əsas mərhələsində 4 qol vurub. "Qarabağ"ın forvardı daha bir dəfə fərqlənsə, Cekson Martines və Radamel Falkao ilə bərabərləşəcək və bu turnirdə ən məhsuldar hücumçular kimi Kolumbiya futbolunun tarixinə düşəcək. Duran həmyerlilərinin rekordunu təkrarlamağa hazır olduğunu bildirib: "Ötən həftə boyunca Azərbaycan Premyer Liqasında oyunlarımız olsa da, "Nyukasl"ı da düşünürdüm. Məncə, bu hədəfə çatmağa hazıram".
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl" matçı saat 21:45-də başlanacaq. Cavab görüşü fevralın 24-də olacaq.














































































